Milli Kitabxanada “18 iyun – Milli İnsan Hüquqları Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan məlumat verilib. Bildirilib ki, insan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas atributlardan biridir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.
Son illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin olunması mexanizmlərinin daha da təkmilləşdirilməsini təmin edib. İnsan hüquqları sahəsində ardıcıl və dinamik fəaliyyətə xüsusi diqqət yetirən respublikamız bu sahədə 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və nüfuzlu beynəlxalq təşkilatların üzvüdür.
Milli Kitabxanada da bu günə uyğun olaraq “18 iyun – Milli İnsan Hüquqları Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/18_iyun/index.html linkindən istifadə edə bilərlər.
Virtual sərgidə rəsmi sənəd, fotolar, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.