Milli Kitabxanada Hüseyn Cavidlə bağlı kitabların təqdimatı olub

Fevralın 9-da Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi, Milli Kitabxana və Hüseyn Cavidin ev-muzeyinin təşkilati dəstəyi ilə “Hüseyn Cavid: Biblioqrafiya” və “Hüseyn Cavid: Biblioqrafik göstərici” kitablarının təqdimat mərasimi keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 140 illiyi münasibətilə hazırlanan nəşrlər Azərbaycan Milli Kitabxanası və Hüseyn Cavidin ev-muzeyi tərəfindən nəşr edilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək bildirib ki, XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” ədəbi məktəbinin, Mirzə Ələkbər Sabir satirik şeir məktəbinin əsasını qoyduğu kimi, Hüseyn Cavid də Azərbaycan ədəbiyyatında romantik şeirin, mənzum romantik dramaturgiyanın və nəhayət, romantizm ədəbi cərəyanının banisi olaraq qəbul edilir. Direktor öz çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Hüseyn Cavidi Azərbaycan xalqına ikinci dəfə qaytarıb. Sovet ideologiyasının qızğın çağlarında onun nəşinin Azərbaycana gətirilməsini həyata keçirib. Bu, Azərbaycan ədəbiyyatı üçün çox böyük xidmət hesab edilir. Ulu Öndərin siyasətinin davamı kimi Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Hüseyn Cavidin 125, 130, 135 illik yubileyləri yüksək səviyyədə keçirilib. K.Tahirov qeyd edib ki, Hüseyn Cavidin anadan olmasının 140 illiyi münasibətilə hazırlanan “Hüseyn Cavid: Biblioqrafiya”, həm də “Hüseyn Cavid: biblioqrafik göstərici” şairin yaradıcılıq üçün böyük töhfədir. Hazırlanan biblioqrafiyalar məzmun baxımından bir-birini təkrar etmir, əksinə tamamlayır.

AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli çıxışında qeyd edib ki, Hüseyn Cavid çoxəsrlik Azərbaycan ədəbiyyatını yeni janrlarla daha da zənginləşdirib. Böyük şair ilk dəfə olaraq XX əsrin əvvəlləri Azərbaycan poeziyasına Qərb şeiri üçün səciyyəvi olan sonet janrını gətirib. O, öz çıxışı zamanı Hüseyn Cavidin ev-muzeyi tərəfindən onun bir çox əsərlərinin Azərbaycan dilində və bir çox xarici dillərdə nəşrindən və Hüseyn Cavidin həyat və yaradıcılığı barədə materialları əks etdirən 30 cildlik “Cavidşünaslıq” araşdırmalar toplusunun əhəmiyyətindən də bəhs edib. Alim hər iki biblioqrafiyanın cavidşünaslığa böyük töhfə olduğunu iştirakçıların diqqətinə çatdıraraq bütün əməyi keçənlərə təşəkkürünü bildirib.

Xalq yazıçısı Elçin söyləyib ki, dahi dramaturq öz yaradıcılığında çoxlu sayda faciələr yaratsa da, onun öz həyatı da böyük faciə olmuşdur. Hüseyn Cavidin cənazəsinin Azərbaycana gətirilməsi Azərbaycan ədəbiyyatı salnaməsinin şərəfli səhifəsidir və bu səhifəni Ulu Öndər Heydər Əliyev yazmışdır. Ümumiyyətlə Heydər Əliyevin Azərbaycan mədəniyyəti qarşısında xidmətləri çox böyükdür.

AMEA-nın Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Milli Məclisin deputatı, yazıçı-publisist Fazil Mustafa, ədəbiyyatşünas alim, professor Asif Rüstəmli Hüseyn Cavidin ədəbiyyata gətirdiyi yeniliklərdən, onun çoxcəhətli və zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatı tarixinə yaratdığı yeni mərhələdən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycan ədəbiyyatında romantik mənzum faciə janrının yaranması və inkişafı da birbaşa Hüseyn Cavidin adı ilə bağlıdır. Çıxışçılar Milli Kitabxana və Hüseyn Cavidin ev-muzeyi tərəfindən hazırlanan biblioqrafik vəsaitlərin əhəmiyyətindən də bəhs ediblər.

Tədbirin sonunda qonaqlar “Əbədiyyət şairi – Hüseyn Cavid” mövzusunda geniş kitab sərgisi və Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Ədəbiyyatımızın əbədiyyət rəmzi – Hüseyn Cavid” adlı elektron məlumat bazası ilə tanış olublar.

Qeyd edək ki, məlumat bazası üç dildə (Azərbaycan, rus, ingilis dillərində) istifadəçilərə təqdim olunur.

 

ƏvvəlkiÜmummilli Liderin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək
NövbətiAzərbaycanın xarici işlər naziri ABŞ Dövlət katibinin köməkçisi ilə telefonla danışıb