Mayın 29-da Azərbaycan Kikboksinq Federasiyasının inzibati binasında təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Adil Əliyev “Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən təsis olunmuş “Azərbaycanın Qüruru” qızıl ordeni ilə təltif olunub.
Mükafatı ictimai xadim Adil Əliyevə Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki, “Azərbaycanım” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Emil Nəsirli təqdim edib.
Emil Nəsirli vurğulayıb ki, Adil Əliyev tanınmış ictimai-siyasi xadim olaraq vətənpərvər fəaliyyəti, humanizmə, mərhəmətə, nəcibliyə söykənən əməlləri, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, gənclər və idman sahəsində, respublikamızın beynəlxalq əlaqələrinin inkişafında, eləcə də digər mühüm sferalarda öz fəaliyyəti ilə böyük nüfuz qazanıb.
“Alicənablığı, sadəliyi, əzmkarlığı və xeyriyyəçiliyi ilə seçilən A.Əliyev, həm də beynəlxalq görüş və tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil edir”, – deyə qeyd edən Emil Nəsirli bildirib ki, Adil Əliyev ölkə reallıqlarını ən yüksək tribunalardan dünya ictimaiyyətinə, xüsusən də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları, qaçqın və məcburi köçkünlərin haqq səsini hər fürsətdə beynəlxalq aləmə çatdırır.
A.Əliyevi Milli Məclisinin sədr müavini təyin olunması münasibətilə bir daha “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi adından təbrik edən Emil Nəsirli çıxışına onu da əlavə edib ki, ictimai xadim Adil Əliyevin fəaliyyətinin əsas məqsədi Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafının ümummilli strateji siyasətinə uyğun gənc nəslin tərbiyəsi, gənclərlə iş sahəsində cəmiyyətin demokratik tələblərinə cavab verən siyasətin həyata keçirilməsi, gənclərin vətənə sədaqət, müstəqilliyimizin, dövlətçiliyimizin, torpaqlarımızın müdafiəsinə daim hazırlıq ruhunda tərbiyə edilməsidir.
Milli Məclisinin sədr müavini və Milli Məclisin Gənclər və idman komitəsinin sədri A.Əliyev “Azərbaycanın Qüruru” qızıl ordeninə layiq gördüklərinə görə jurnalın Redaksiya Şurasına və kollektivinə minnətdarlığını bildirib. Adil Əliyev fəaliyyətində Azərbaycanın iqtisadi inkişafı, əhalinin rifah halının yüksəldilməsinə yönəlmiş sosial strategiyası, ölkəmizin beynəlxalq məkanda mövqeyi, tarixi, mədəniyyəti, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlər barəsində beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılması sahəsində bundan sonra da mühüm nailiyyətlərə imza atacağını tədbir iştirakçılarının nəzərinə çatdırıb. O bildirib ki, bütünlükdə, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha deməyə əsas verir ki, ölkəmizdə gənclər və idman siyasəti bundan sonra da uğurla həyata keçiriləcək.
“Rəhbərlik etdiyim həm Azərbaycan Kikboksinq Federasiyasının, həm də Milli Məclisin Gənclər və idman komitəsinin qarşısında duran əsas vəzifələrdən biri də gənclərin yüksək sosial, mənəvi və sağlam fiziki inkişafını təmin edən bütün fəaliyyət növlərinin istiqamətləndirilməsi, Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində milli proqramların həyata keçirilməsini təmin etməkdən ibarətdir” – deyə bildirən Adil Əliyev vurğulayıb ki, ötən dövrdə gənclər siyasəti, gənclərlə iş sahəsində və idman sahəsində bir sıra mühüm nəticələr əldə olunub. Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib. Azərbaycan xalqının Ulu Öndərimizin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi bir daha onu sübut edir ki, ölkəmiz daha böyük qələbə və uğurlara imza atacaq və ölkənin gələcək inkişafına öz töhfəsini verəcək.