Noyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Musa Quliyev gündəliyə 6 məsələ daxil edildiyini bildirib. O, ilk 5 məsələnin – büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda müzakirəyə çıxarıldığını deyib.
“Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi barədə məlumat verən M.Quliyev qeyd edib ki, Fondun 2024-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 919,9 milyon manat proqnozlaşdırılıb ki, bu da cari ilin büdcəsinə nisbətən 10,4 faiz çoxdur.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında sosial sahədə təqdim olunan operativ xidmətlərdən bəhs edən komitə sədri növbəti ildə əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə nəzərdə tutulan tədbirləri, pensiya növləri üzrə gözlənilən artımları diqqətə çatdırıb.
“İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi ilə bağlı diqqətə çatdırılıb ki, 2024-cü ildə Fondun gəlirləri və xərcləri bərabər olmaqla 238 milyon manat nəzərdə tutulur, bu da cari ildən 20,3 milyon manat, yaxud 9,3 faiz çoxdur. Fondun xərc istiqamətlərinə toxunan dən söz açan M.Quliyev vurğulayıb ki, İşsizlikdən Sığorta Fondunun 2024-cü il üçün nəzərdə tutulmuş büdcə layihəsi sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsi, özünüməşğulluq, peşə hazırlığı və peşəyönümlü tədbirlərin keçirilməsi, ictimai-sosial işlərin və digər xidmətlərin maliyyələşməsi üçün optimal əsaslar yarada biləcək.
“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri ilə bağlı məlumat verən komitə sədri qeyd edib ki, həm yaşayış minimumu, həm də ehtiyac meyarı artırılaraq növbəti il üçün 270 manat məbləğində nəzərdə tutulub.
“Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı komitə sədri bildirib ki, qanuna təklif olunan dəyişikliklər texnologiyalar parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslərin sosial sığorta haqları ödənişində seçim imkanlarının genişləndirilməsi və dürüstləşdirilməsi məqsədi daşıyır.
İclasda Hesablama Palatasının auditoru Vəfa Mütəllimova Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2024-cü il üçün büdcə layihələrinə dair palatanın rəyini diqqətə çatdırıb.
Layihələrin müzakirəsində Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, komitənin üzvləri Ziyad Səmədzadə, Səttar Möhbalıyev, Vüqar Bayramov, İlham Məmmədov, Soltan Məmmədov, Jalə Əliyeva, Əziz Ələkbərov, Sevinc Hüseynova, Aqil Məmmədov və Arzu Nağıyev çıxış ediblər. Onlar qanun layihələri barədə qeydlərini diqqətə çatdırıb, əhalinin sosial müdafiəsinin gücləndirilməsinin bəzi məsələləri ilə bağlı fikirlərini bölüşüblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deputatların suallarını cavablandırıb, qaldırılan məsələlərə aydınlıq gətirib.
Müzakirələrin sonunda qanun layihələri ikinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Gündəliyin sonuncu məsələsi – birinci oxunuşda təqdim edilən Əmək Məcəlləsində dəyişiklik olunması barədə qanun layihəsi haqqında Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat verib. Dəyişikliklərin zəruriliyini şərtləndirən amillərdən danışan şöbə müdiri vurğulayıb ki, layihə gecə vaxtı, iş vaxtında artıq işə cəlb edilmə və ezamiyyəyə göndərilmə ilə bağlı qadınların hüquqlarını genişləndirir.
Qanun layihəsi birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.