Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un “Şərəf” medalı ilə təltif olunub.
AZƏRTAC xəbər verir ki, medalı Qənirə Paşayevaya TÜRKSOY-un Baş katibi Sultan Raev təqdim edib. TÜRKSOY-un yüksək təltifi parlamentin komitə sədrinə bu ortaq türk təşkilatı ilə sıx əməkdaşlığına, ümumilikdə türk dünyasında mədəni əlaqələrin gücləndirilməsi işinə töhfələrinə görə təqdim olunub.
Təqdimat mərasimində çıxış edən Qənirə Paşayeva bu il yaranmasının 30-cu ildönümü tamam olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının zəngin təcrübəsindən, ortaq keçmişdən ortaq gələcəyə gedən ulu yola xidmətlərindən danışıb. O, TÜRKSOY-un Qarabağda, Şərqi Zəngəzurda erməni vandalizminə məruz qalan Azərbaycan mədəni irsinə diqqətini, habelə Qarabağ əsilli klassik sənətkarların yubileyinə həssas diqqətini yüksək qiymətləndirib. Azərbaycanın haqq savaşına dəstək verən TÜRKSOY-a, ümumilikdə türk dünyasına minnətdarlığını bildirən komitə sədri Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin böyük rəmzi məna daşıdığını vurğulayıb.
Yüksək təltifinə görə TÜRKSOY rəhbərliyinə minnətdarlığını bildirən Qənirə Paşayeva Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun “Türk dünyası qadınları” silsiləsindən üç tablonu TÜRKSOY-a hədiyyə edib.