Dekabrın 19-da Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitə sədri Bəxtiyar Əliyev iclasın gündəliyinə iki məsələnin daxil olduğunu deyib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri, əvvəlcə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. Bildirib ki, layihəyə komitə iclaslarında və plenar iclaslarda birinci və ikinci oxunuşlarda baxılıb. Hər hansı əlavə və dəyişiklik təklif olunmayıb.
Sənəd Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən hazırlanıb.
Komitə üzvləri qanun layihəsini üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Sonra Bəxtiyar Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “ Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, diqqətə çatdırıb ki, sənəd 2019-cu il 22 oktyabr tarixdə qəbul edilmiş “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Qanunun icrası ilə əlaqədar hazırlanıb. Buna uyğun olaraq, layihədə adları çəkilən qanunlarda müvafiq dəyişikliklər təklif olunur.
Bildirilib ki, qeyd edilənlərlə bağlı “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlara eyni məzmunlu yeni maddələrin əlavə olunması nəzərdə tutulub. Əlavələrə əsasən, ümumi təhsil müəssisələri tərəfindən yetkinlik yaşına çatmayanların öz inkişaf səviyyələrinə uyğun cinsi istismar və cinsi zorakılıq təhlükələri, habelə özünü müdafiə vasitələri barədə məlumat almaları təmin edilir. Bu zaman onlara cinsi tərbiyəyə dair ümumi məlumat verilir, təhlükəli vəziyyətlərə, xüsusilə yeni informasiya və kommunikasiya texnologiyalarından istifadədən irəli gələn hallara xüsusi diqqət yetirilir. Belə məlumatların təqdim edilməsinə yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri cəlb edilə bilərlər. Habelə, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.
Komitə üzvü Ceyhun Məmmədov çıxış edərək, təklif olunan dəyişikliklərin məqsədəmüvafiq olduğunu söyləyib. O, bu sahədə təbliğat və maarifləndirmə tədbirlərinin görülməsinin vacibliyinin qeyd edib.
Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda komitənin sədr müavini Musa Qasımlı, üzvləri Ülviyyə Ağayeva, Tamam Cəfərova, Etibar Əliyev, Kamilə Əliyeva, Rafael Hüseynov, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Fatma Yıldırım, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev iştirak ediblər.