Ötən il ərzində ölkədə Milli Ödəniş Sistemi (AZİPS, XÖHKS, AÖS) vasitəsilə aparılmış əməliyyatların ümumi həcmi 766,4 milyard manat, sayı isə 147,7 milyon ədəd təşkil edib.
AZƏRTAC Mərkəzi Bankın illik “Rəqəmsal Ödənişlər İcmalı”na istinadla bildirir ki, hesabat dövrü ərzində Milli Ödəniş Sisteminin əsas komponentləri olan iri və təcili ödənişlər üzrə “Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi” (AZİPS) üzrə keçən ödənişlərin sayı 2,1 milyon ədəd, həcmi 716,3 milyard manat, xırda və daim təkrarlanan ödənişlərin elektron daşıyıcılarla həyata keçirilməsinə imkan verən “Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi” (XÖHKS) üzrə isə ödənişlərin sayı 145 milyon ədəd, həcmi 49 milyard manat olub.
2023-cü il ərzində AÖS vasitəsilə həyata keçirilən əməliyyatların sayı 587,6 min ədəd, həcmi isə 1,1 milyard manat təşkil edib. 2022-ci illə müqayisədə aparılan əməliyyatların həcmində AZİPS üzrə 2,4 dəfə, XÖHKS üzrə isə 16,9 faiz, AÖS üzrə isə 91,8 faiz artım müşahidə olunub.
Milli Ödəniş Sistemi vasitəsilə kommersiya bankları tərəfindən aparılmış köçürmələrin sayı və həcmi 2022-ci illə müqayisədə müvafiq olaraq 51,1 faiz və 2 dəfə artıb.