Sloveniyanın Maribor şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanın yeniyetmə atletləri də iştirak edirlər.
İyulun 23- də Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un baş katibi Azər Əliyev Mariborda atletlərimizin və nümayəndə heyəti üzvlərinin məskunlaşdığı Olimpiya kəndinə gəliblər.
AZƏRTAC xəbər verir ki, MOK-un mətbuat xidmətinin məlumatına görə, onlar bu mötəbər yarışda ölkəmizi təmsil edən idmançılar və nümayəndə heyətinin üzvləri ilə görüşüblər.
Nümayəndə heyətinin şef de-missionu Vaqif Əliyev aletlərimizin hazırlığı, mübarizə aparacaqları idman növləri haqqında məlumat verib. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə görüş zamanı yarışlara hazırlıqla, idmançıların və məşqçilərin məskunlaşdıqları şəraitlə, qidalanma və bir çox məsələlərlə maraqlanıb. O, bildirib ki, Avropa
Gənclər Olimpiya Festivalından atletlərimiz bir qayda olaraq, həmişə uğurla qayıdıblar. Bu yarışlar təcrübə və rəqibləri daha yaxından tanımaq baxımından idmançılarımız üçün böyük əhəmiyyətə malikdir. Ç.Hüseynzadə atletlərimizin bu festivalda da medallar qazanacaqlarına əmin olduğunu bildirib.
Görüş zamanı MOK-un vitse-prezidenti Olimpiya festivalının açılış mərasimindəki bayraqdarlarımızı da elan edib. Açılış mərasimində bayraqdarlar cüdoçu Ramazan Əhmədov və tennisçi Mədinə Babayeva olacaq.