Bu il Azərbaycanda iki əlamətdar tarix – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Ulu Öndərin hakimiyyətə qayıdışının 30 illiyi qeyd edilir. Bu münasibətlə 15 İyun – Milli Qurtuluş Günündə Heydər Əliyev Mərkəzinin parkında konsert proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Dövlət Xor Kapellasının ifasında Dövlət Himni və Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin ifasında Qələbə marşı səsləndirilib.
Sonra konsertdə tanınmış müğənnilər və kollektivlər çıxış ediblər. Azərbaycanın məşhur estrada ulduzlarının, sevilən muğam və milli mahnılarımızın ifaçılarının iştirakı ilə keçirilən möhtəşəm qala-konsertdə dillər əzbəri olan, rəngarəng musiqi nömrələri, mahnılar ifa olunub. Konsertə gələn hər kəs bayramı yüksək əhvali-ruhiyyə ilə keçirmək imkanı qazanıb.
Girişi sərbəst olan qala-konsertdə ifaçılar Abbas Bağırov, Ağadadaş Ağayev, Alim Qasımov, Aybəniz Haşımova və “Bülbüllər” qrupu, Aygün Bəylər, Aygün Kazımova, Azər Zeynalov, Bilal Əliyev, Eldar Qasımov, Emin, Faiq Ağayev, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Xəyyam Nisanov, İlhamə Qasımova, İlqar Muradov, Lalə Məmmədova, Manana, Miri Yusif, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri və Azərbaycan Dövlət Xor Kapellası, Mübariz Tağıyev, Natavan Həbibi, “Natiq” ritm qrupu, Nərmin Kərimbəyova, Nigar Camal, Nurlan Növrəsli, Röya, Samirə Əli Məryəm, Sevda Ələkbərzadə, Şəmistan Əlizamanlı, Tünzalə Ağayeva, Vüqar Əbdülov, “Zəfər” xoru, Zülfiyyə Xanbabayeva çıxış ediblər.
Milli Qurtuluş Gününə həsr olunan konsert Müslüm Maqomayevin “Baharlı yurdum, Azərbaycan” mahnısının ifası ilə yekunlaşıb.