İyunun 13-də Milli Xalça Muzeyində Monteneqro xalqının milli-mədəni özünəməxsusluğunu, dünyagörüşünü, həyat tərzini, etnik, dini xüsusiyyətlərini təcəssüm etdirən sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Monteneqro Mədəniyyət və Media Nazirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Monteneqro Milli Muzeyinin təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, təşkil olunan “Müxtəlifliyin gözəlliyi” adlı sərgidə Monteneqronun XIX–XX əsr milli geyimləri nümayiş olunur. Monteneqro Milli Muzeyi, Monteneqro Etnoqrafiya Muzeyi, Kral Nikola Muzeyi, Monteneqro Tarix Muzeyinin kolleksiyalarından seçilmiş 170-dən çox eksponat Monteneqronun zəngin milli-mədəni irsini nümayiş etdirir.
Balkan yarımadasının ən kiçik dövləti olan Monteneqro, eyni zamanda, ən zəngin ənənəvi mədəniyyətə malik ölkələrdəndir. Burada qədim Balkan, Roma, Bizans, yunan, slavyan irsi, hətta türk və islam mədəni irsi orqanik şəkildə birləşmiş, vahid ortaq ənənəvi mədəniyyət yaranmışdır. Adriatik dənizi hövzəsi, Aralıq dənizi hövzəsi və Şərq mədəniyyətinin elementləri əsrlər boyu Monteneqro geyimlərində birləşərək unikal mədəniyyətin yaranmasına səbəb olmuşdur.
Onun sözlərinə görə, sərgidə təqdim edilən geyim nümunələri Monteneqronun mədəni özəlliklərinin zənginliyini tam ifadə etməklə yanaşı, eyni zamanda, tolerantlıq ənənələrini nümayiş etdirir: “Əminəm ki, azərbaycanlı ziyarətçilər sərgidə olarkən təəccüb və doğmalıqla Monteneqronun geyimləri sırasında “dolama”, “ləbbadə” və sairə geyimlərin adları ilə rastlaşacaq. Mədəni, etnik və dini müxtəliflik, bu müxtəlifliyin qorunub saxlanılması və inkişaf etdirilməsi Monteneqro ənənəvi mədəniyyətini unudulmaz edir”.
Direktor, həmçinin qeyd edib ki, Azərbaycanla Monteneqro arasında diplomatik əlaqələr 2008-ci ildə qurulmuş və durmadan inkişaf edir. Hər iki dövlətin rəsmiləri dəfələrlə görüşmüş, ölkələrimiz arasında müxtəlif səpkili müqavilələr imzalanmışdır. Lakin ilk dəfədir ki, bu füsunkar Avropa ölkəsi – Monteneqronun ənənəvi mədəniyyətini nümayiş etdirən sərgi Azərbaycanda təşkil olunur.
Əminə Məlikova sərginin təşkilində bütün əməyi olan insanlara, əməkdaşlara dərin təşəkkürünü bildirib.
Milli Məclisin deputatı, akademik Rafael Hüseynov qeyd edib ki, eksponatları seyr etdikcə xalqlarımız arasında zövq, düşüncə ortaqlığı, duyğu eyniliyini hiss edirik. Bu gün Azərbaycan vətəndaşları Monteneqroya, Monteneqro vətəndaşları isə Azərbaycana azad gəlib-gedə bilir. Əlbəttə, bunun arxasında diplomatik əlaqələr, siyasi münasibətlərlə yanaşı, həm də xalqlarımızın mənəvi cəhətdən bir-birinə yaxınlığı durur. Mən Monteneqrodan gələn qonaqlara və Milli Xalça Muzeyinə təşəkkür edirəm ki, bu sərgini təşkil ediblər. Bu eksponatlar yalnız mədəniyyətin bir hissəsini nümayiş etdirmir, həm də Monteneqro xalqının milli-mənəvi zənginliyini paytaxtımızın sakinlərinə və qonaqlarına yaxından tanıdacaq. Üç ay davam edəcək sərgi müddətində Xalça Muzeyini ziyarət edənlər Monteneqro xalqını, onun mədəniyyətini, tarixi ənənəsini daha da yaxından tanıyacaq və sevəcək.
Monteneqro Milli Muzeyinin direktoru, rəssam Yakşa Çalasan çıxışında bildirib ki, Monteneqro xalqına məxsus zəngin mədəni irsin bir hissəsini dost Azərbaycanda təqdim etmək məqsədilə açılan bu sərgi müxtəlif mədəniyyətlərin bir-birinə qarışmasının zənginliyi kimi şərh oluna bilər.
Monteneqronun zəngin və bənzərsiz mədəni mühitində milli geyimlər öz çoxsaylı əhəmiyyəti və rolu ilə ənənəvi həyat və mədəniyyətin qiymətli yaradıcılığını təmsil edir. Keçmişdə yaranan və formalaşan, mənimsənilən və inkişaf edən dəyərlərin, bilik və ənənələrin məhsulu olaraq, ərazidə əsrlər boyu toplanmış xalq məişətinə və yaradıcılığına şahidlik edir.
Monteneqro Tarix Muzeyinin direktoru Filip Kuzman çıxışı zamanı qeyd edib ki, Monteneqro ərazisində çoxlu sayda müxtəlif geyimlərə rast gəlmək təəccüblü deyil. Onların özünəməxsus estetik ifadəsi, xüsusi formalar, rənglər, ornamentlər, bəzəklər və detallar vasitəsilə ifadə olunur. Bu geyimlərdə ərazidə yaşayan xalq və etnik icmaların mədəni, milli və dini xüsusiyyətləri təqdim olunur.
O bildirib ki, mədəniyyət və ənənə bütün xalqların və mədəniyyətlərin mənəvi-tarixi kimliyini birləşdirən ümumbəşəri bağlantıdır. Bu, insanları və ölkələri birləşdirən, bizə başqa və fərqli dünyanı daha yaxşı anlamağa imkan verən bir əlaqədir: “Mədəni dəyərləri bütün özəllikləri ilə yanaşı, digər xalqlarda və mədəniyyətlərdə tapdığımız oxşarlıqlarla da təbliğ etmək, şübhəsiz ki, insanlar arasında ünsiyyətin ən yaxşı və ən gözəl yoludur. Adət-ənənələrə qarşılıqlı hörmət hər kəsə açıq olmaq üçün ilkin şərtdir. Bundan əlavə, mədəniyyətlərarası dialoqu və əməkdaşlığı inkişaf etdirmək və dəyərləndirmək, unikal və ümumi mədəni və tarixi irsimizin qiymətli və əvəzsiz hissəsini təşkil edən bütün bu dəyərlərin inkişafını və təbliğini təşviq etmək bizim vəzifəmizdir”.
Çıxışlardan sonra qonaqlar sərgi ilə tanış olublar.
Monteneqronun zəngin milli-mədəni irsinin təbliği məqsədilə təşkil edilən sərgi avqustun 31-dək ictimaiyyətə açıq olacaq.