Milli Xalça Muzeyinin kolleksiyasına aid nümunələr Bişkekdə ilk dəfə nümayiş olunub

Milli Xalça Muzeyinin kolleksiyasına aid nümunələr Qırğızıstan Milli İncəsənət Muzeyində ilk dəfə nümayiş olunub.

“Report”un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, sərgi Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində təşkil edilib.

Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova “Report”a açıqlamasında sərgini əlamətdar hadisə kimi qiymətləndirib:

“Hazırda burada Milli Xalça Muzeyinin fondunda qorunan 12 xalça nümunəsi sərgilənir. Xalçalar Bakı, Qarabağ, Şirvan kimi bölgələrimizə aiddir. Xalçalar xovlu və xovsuz olmaqla, həm tarixi, həm də müasir dövrü əhatə edir”.

Azərbaycan Fotoqraflar Birliyinin sədri Amira Süleyman isə Qırğızıstan Milli İncəsənət Muzeyində Birliyin 36 fotosunun sərgiləndiyini bildirib:

“Buradakı fotolar Qarabağ mövzusuna həsr olunub. İllərlə ağır sınaqlardan keçmiş, 30 ildən çox işğal altında qalan və dağıdılan tarixi-mədəni abidələr fotolarda öz əksini tapıb. Həmçinin fotosərgidə işğaldan sonrakı bərpa işləri, Qarabağın yenidən dirçəlməsi prosesini əks etdirən fotoları görmək olar”.

Xalq rəssamı Ağaəli İbrahimov “Report”a açıqlamasında Bişkekdə Mədəniyyət Günlərinin təşkilinin Azərbaycan-Qırğızıstan əlaqələrinə töhfə verəcəyini vurğulayıb:

“Bu günlər çərçivəsində keçirilən sərgilər Azərbaycanın necə böyük və tarixi mədəniyyətə sahib olduğunu göstərir. İstər xalçaçılıq, istər qurama, istər zərgərlik, fərqi yoxdur, Azərbaycan mədəniyyəti böyük mədəniyyətdir”.

Xalq rəssamı sərgidə nümayiş olunan Qarabağa aid fotolara diqqət çəkib:

“Bu şəkillərdə Qarabağın işğal altında olduğu dönəmdə tarixi abidələrə vurulan zərbələr, eləcə də azad olunduqdan sonrakı dövr göstərilir. Qarabağdakı məscidlər, kilsə və digər mədəni abidələr heç birinə fərq qoyulmadan bərpa olunur, qorunur. Bu yanaşma Azərbaycanın tolerant siyasətini ifadə edir”.

ƏvvəlkiPrezident İlham Əliyev: Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni müsbət məzmunla zənginləşir
NövbətiFransisklə vida mərasimi aprelin 23-də müqəddəs Pyotr kilsəsində keçirilə bilər