Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi davam edir.
Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən AZƏRTAC-a bildirilib ki, namizədlərə elektron ərizəni doldurarkən diqqətli olmaq tövsiyə olunur. Qeydiyyatdan keçərkən digər məlumatlarla yanaşı, aşağıdakı məqamlara xüsusi diqqət yetirmək lazımdır:
1. Əlaqə nömrəsinin və faktiki yaşayış ünvanının düzgün qeyd olunması
Müsabiqənin sonrakı mərhələlərində namizədlə həm əlaqə nömrəsi vasitəsilə ünsiyyət qurulacağı, həm faktiki yaşayış yerinə əsasən namizədin imtahan verəcəyi ən yaxın mərkəz təyin olunacağı, həm də toqquşma hallarında və əlavə yerləşdirmə zamanı faktiki yaşayış yeri nəzərə alınacağı üçün namizədlərdən hər iki məlumatı düzgün qeyd etməyi tələb olunur.
2. Sənədlərin düzgün formada yüklənilməsi
Müsabiqə çərçivəsində şəhid ailəsinin üzvü olan, həmçinin ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş, müsabiqədə diaqnostik qiymətləndirmə nəticəsi ilə iştirak edəcək şəxslərdən müvafiq təsdiqedici sənədlər tələb olunur. Həmin sənədlərin vahid bir faylda toplanaraq pdf variantda müvafiq xanaya yüklənilməsi vacibdir.
3. Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisədə çalışma müddətinin düzgün qeyd olunması
Müsabiqə qaydalarına uyğun olaraq, həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində üç-beş il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, beş il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq. Lakin müvafiq əmsalın tətbiq edilməsi üçün namizəd qeydiyyatdan keçərkən elektron ərizəsində həmin məlumatları müvafiq xanaya düzgün şəkildə daxil etməlidir.
4. Digər məlumatların düzgün daxil edilməsi
Müsabiqənin vakansiya seçimi mərhələsi zamanı toqquşma hallarında nəzərə alınacağı üçün namizədlərin təhsillə bağlı məlumatlarını (magistratura, doktorantura təhsili, adi və ya fərqlənmə diplomu və sair), həmçinin pedaqoji stajı düzgün daxil etməsi vacibdir.