Şarm əl-Şeyxdə keçirilən iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının 27-ci tərəflər konfransında bugünkü gün Elm Günü elan edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfrans çərçivəsində iqlim dəyişmələri sahəsində əsas hesabatların və tədqiqatların nəticələrinin təqdim olunduğu panel müzakirələri və tədbirlər keçirilib. “İqlim elminə dair 10 yeni fikir, 2022” hesabatının təqdimatı böyük maraq doğurub.
Tədbirlərin birində Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun, Misirin səhiyyə naziri və kənd təsərrüfatı nazirinin təqdimatı keçirilib.
İqlim dəyişikliyinin əhalinin sağlamlığına təsiri, bu məsələnin elmi cəhətləri, uyğunlaşma tədbirləri bu günün əsas müzakirə mövzusu olub.
Bununla yanaşı, bu gün Azərbaycan ilə Yaponiyanın nümayəndə heyəti arasında görüş keçirilib. Müzakirələrin əsas mövzusu inkişaf etməkdə olan ölkələrin istixana qaz tullantılarının azaldılması səylərinin dəstəklənməsi, bu sahədə birgə mexanizmin işlənməsi və əməkdaşlıq, qarşılıqlı anlaşma memorandumunun həyata keçirilməsi istiqamətində növbəti addımlar olub.