Mişustin “Şimal-Cənub” dəhlizi üzrə Azərbaycanla daşımalar haqqında sazişi dəstəkləyib

Rusiya hökuməti Moskva və Bakı arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi (BND) üzrə tranzit yük daşımalarının birgə inkişafı haqqında saziş layihəsini təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Baş naziri Mixail Mişustin sərəncam imzalayıb.

Sənəddə qeyd olunub ki, sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsi və “Şimal-Cənub” BND-nin qərb marşrutunun potensialının artırılmasıdır.

Rusiya və Azərbaycan öz ərazilərində tranzit daşımalar zamanı yüklərin sərbəst hərəkətini sənədin tələbləri və iki ölkənin qanunvericiliyi nəzərə alınmaqla təmin edəcəklər. Gömrük nəzarəti qaydaları həm qanunvericiliyə uyğun razılaşmaya, həm də Moskva və Bakının iştirak etdiyi beynəlxalq müqavilələrə əsaslanacaq.

Sənəddə həmçinin dəmir yolu infrastrukturunun yenilənməsindən sonra hər il Rusiyadan Azərbaycana daşınmalı olan yüklərin zəmanətli həcmi müəyyən edilir. 2028-ci il yanvarın 1-dən bu həcm minimum 5 milyon ton təşkil edəcək, müvafiq qərar qəbul edildikdən sonra isə hər il 15 milyon tona qədər artacaq.

Əgər Rusiya il ərzində bəyan edilmiş yük həcmini daşımasa, Rusiya Dəmir Yolları “Azərbaycan Dəmir Yolları” QSC-yə kompensasiya ödəməli olacaq. Əgər Bakı lazımi həcmdə yükü qəbul etməkdən imtina edərsə, ödənişi Rusiya şirkəti alacaq.

ƏvvəlkiABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini illik 4,25-4,5 %-ə endirib
NövbətiBaş nazir Əli Əsədov Misirdə işgüzar səfərdədir