Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Azərbaycanda işgüzar səfərdə olan Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Millətçilik.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ş.Mövsümov ARDNF-in yaranma tarixi, milli neft strategiyası, Neft Fondunun məqsəd və vəzifələri, idarəetmə və büdcə sistemi, Fondun vəsaitlərinin idarə edilməsi və investisiya siyasəti, maliyyələşdirilən layihələr, şəffaflıq və hesabatlılığın təmin edilməsi sahəsində gördüyü işlər, makroiqtisadi sabitliyin və fiskal dayanıqlığın tənzimlənməsi istiqamətində atılan addımlar barədə təqdimatla çıxış edib.
Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana səfər etdiyini qeyd edən Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan ilə Monqolustan arasındakı mövcud əlaqələr barədə məlumat verib. ARDNF barədə təqdimatla tanış olan Monqolustan Prezidenti Neft Fondunun neft və qaz gəlirlərinin şəffaf idarə edilməsi istiqamətində mövcud təcrübəsini yüksək qiymətləndirib.
Görüşdə mövcud və gələcək investisiya imkanları, əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xaltmaaqiyn Battulqa Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın biznes missiyasının cari ilin oktyabr ayında Monqolustana səfərinin nəzərdə tutulduğunu qeyd edib. O, Monqolustanda mövcud olan investisiya imkanlarının nəzərdən keçirilməsi üçün ARDNF-in nümayəndə heyətinin də qeyd olunan missiya tərkibində Monqolustana dəvət edib.
ARDNF-in icraçı direktoru Monqolustan Prezidentinə dəvət üçün təşəkkürünü bildirib. Şahmar Mövsümov iki ölkə arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu və Monqolustan Prezidentinin Azərbaycana səfərinin mövcud əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyini deyib.
Nümayəndə heyəti Neft Fondunun binası və muzeyi ilə tanış olub.