Moskva vilayətinin Ximki şəhərində yerləşən Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinə daxil olan “Metrovaqonmaş” zavodunun həyətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfinə xatirə lövhəsinin açılışı olub.
“Report”un Rusiya bürosunun məlumatına görə, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi zaman onun tapşırığı ilə zavod ərazisində ümumi sahəsi 15,8 min kvadrat metr olan yeni vaqonyığma binası inşa edilib. Hazırda isə bu ərazidə metro qatarlarının əsas istehsalı üçün müasir emalatxanalar fəaliyyət göstərir.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov, “Transmaşholding” ASC-nin baş direktorunun müavini Artem Ledenev, “Metrovaqonmaş” ASC-nin baş direktoru Boris Boqatryev iştirak ediblər.
Qeyd edək ki, tədbir çərçivəsində 765 seriyalı metro vaqonlarının “Bakı Metropoliteni” QSC-yə tədarükü üçün müqavilə imzalanıb.