Noyabrın 21-də Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov təmsil edir.
Təhlükəsizlik şuralarının katibləri terrorçuluq fəaliyyətinin maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə üzrə birgə işin istiqamətlərini müzakirə edirlər.
Görüşün gündəliyinə MDB məkanında regional təhlükəsizliyin təmin edilməsi, təhlükəsizlik şuraları xətti ilə beynəlxalq əməkdaşlıq sahəsində digər aktual məsələlər də daxil edilib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev görüşdə çıxış edərək deyib ki, gündəliyə MDB üzvü olan dövlətlər üçün ümumi xarakter daşıyan və qarşılıqlı maraq doğuran təhlükə və çağırışlarla bağlı problemlər daxildir.
N.Patruşev vurğulayıb ki, 2017-ci ildə belə bir görüş keçiriləndən bəri MDB ölkələri Əfqanıstan-Pakistan sərhədində və Yaxın Şərqdə “İslam dövləti”, “Əl-Qaidə” və onlarla affilə edilmiş strukturlar ətrafında yaranmış vəziyyət barədə analitik informasiya mübadiləsi aparıblar. Mərkəzi Asiyada regional tərəfdaşlıq mövzusunun müzakirə edilməsi üçün BMT Təhlükəsizlik Şurası məkanında MDB xarici işlər nazirlərinin görüşləri keçirilib. Antiterroryönümlü komanda-qərargah və praktiki təlimlərin gedişində beynəlxalq terror təşkilatları üzvlərinin fəaliyyətinin qarşısını almaq üzrə birgə tədbirlər sınaqdan keçirilib. Hərbi-texniki əməkdaşlıq daha da inkişaf etdirilir.
Görüşdə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev, KTMT-nin Baş katibi səlahiyyətlərini icra edən Valeri Semerikov, MDB üzvü olan dövlətlərin təhlükəsizlik şuralarının, nazirlik, idarə və elmi təşkilatlarının nümayəndələri iştirak edirlər.