2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində prezidentliyə qeydə alınan namizədlərə seçkiqabağı təşviqat aparmaq məqsədilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzetlərinə ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.
Bu barədə AZƏRTAC-a Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
“Yuxarıda göstərilən qurumlar, o cümlədən digər televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər”, – deyə Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib.