Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının cəmləşməsi ilə əlaqədar yayılan görüntülərə münasibət bildirib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən APA-ya bildirilib ki, Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı video növbəti təxribatdır: “Nümayiş etdirilən kadrlar Azərbaycan Ordusunun planlı surətdə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanı uzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edilib.
Ermənistandakı kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim bu cür təxribat xarakterli xəbərləri yaymaqla öz xalqını qorxu içində saxlamaqda davam edir.
Müdafiə Nazirliyi bildirir ki, baş verə biləcək təxribatlara qarşı müvafiq tədbirlər görüləcək”.