Ukraynadakı “Riç-İnter Qrup” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və dəstəyi ilə həyata keçirilən “Liderliyin İnkişafı Proqramı”nın ilk iştirakçılarından olan Murad Cəfərovun “Report”a müsahibəsi.
– “Liderliyin İnkişafı Proqramı” diaspor fəaliyyətində yeni bir xəttdir və siz bu proqramın ilk iştirakçılarından birisiniz. Proqram haqqında təəssüratlarınız necədir?
– Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və dəstəyi ilə həyata keçirilən “Liderliyin İnkişafı Proqramı” Azərbaycan diasporunun nümayəndələrini “silahlandırmaq” və lobbiçiliyin inkişafı üçün dövlətimizin atdığı unikal addım və uğurlu proqramdır. Məqsədi xaricdəki soydaşlarımız arasında milli kimliyin qorunub-saxlanılması və təşviqinə dəstək verilməsi, Azərbaycan reallıqlarının dünyaya yayılması, icmalarımızın, Azərbaycana dost olan digər xalqların diaspor təşkilatlarının və eləcə də onların yaşadıqları ölkələrin Azərbaycan ilə ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın qurulması işinə töhfə verilməsi və bu məqsədlə icma üzvlərində liderlik keyfiyyətlərinin təşviq olunması olan bu proqram imkan verir ki, diaspor yaşadıqları ölkələrlə tarixi vətənləri arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində addımlar atsın.
Bu layihə ilə xaricdə yaşayan və yaşadıqları cəmiyyətlərdə müxtəlif mövqelərə gəlmiş azərbaycanlılarla ciddi bağlar qurmaq mümkündür.
Biz də Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu olaraq layihə çərçivəsində Almaniya, Fransa, Türkiyə və Gürcüstandakı Azərbaycan icmalarını təmsil edən digər nümayəndələrlə Azərbaycana səfər etdik. Səfər proqramına ümummilli liderin məzarını və Şəhidlər Xiyabanını ziyarət etməklə başladıq. Həmçinin Heydər Əliyev Mərkəzində olduq, habelə ölkənin bir sıra yüksək səviyyəli dövlət və hökumət rəsmiləri ilə görüşdük. Bu səfər bizə imkan verdi ki, Azərbaycandakı dəyişikləri öz gözümüzlə görək.
– Dövlət və hökumət rəsmiləri ilə görüşlər hansı yeni cəhətlərlə diqqətinizi cəkdi?
– Həqiqətən də Azərbaycan həm görünüş, həm də idarəçilik baxımından müsbət istiqamətdə çox dəyişib. Ölkədə xüsusən gənc, savadlı və sadə məmurların varlığı hər bir nümayəndədə xoş təəssürat yaratdı.
Qeyd etmək istərdim ki, səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Gənclər və İdman naziri Azad Rəhimov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə ilə görüşlər keçirildi.
Həmin görüşlərdə biz müvafiq qurumların gördüyü, həyata keçirdiyi işlərə daha yaxından bələd olduq. Bu mənada “ASAN Xidmət”in fəaliyyəti danılmazdır. “ASAN Xidmət” bürokratik əngələ qarşı bir çox Avropa ölkələrinə örnək olacaq bir strukturdur. Bundan başqa, ölkə vətəndaşlarının bu xidmətdən razılığını görməmək mümkün deyil. Hər kəs qurumlarla əlaqənin bu səviyyədə əlçatan olmağından məmnunluq ifadə edir.– Diasporun Dağlıq Qarabağ problemi ilə bağlı məlumatlandırılması istiqamətində “Liderliyin inkişafı” proqramının faydası ola bilərmi?
– Biz səfər çərçivəsində Masazır qəsəbəsindəki məcburi köçkün ailələri, Xocalı şəhidi və Aprel şəhidi ailələrinə baş çəkdik. Bundan başqa, Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndinə səfərimiz zamanı erməni işğalından azad edildikdən sonra burada aparılmış genişmiqyaslı quruculuq işləri, yaradılmış müasir infrastruktur və yaşayış şəraiti ilə tanış olduq, Aprel şəhidlərinin xatirə abidəsi, kənd orta məktəbi və kənd məscidini ziyarət etdik. Cocuq-Mərcanlı erməni işğalı nəticəsində tamamilə dağıdılmış bir kənd idi. Bu gün isə orada yaradılmış şərait onu deməyə əsas verir ki, artıq böyük qayıdışın başlanğıcı qoyulub. Kəndə çəkilən yollarda addımladıqca insanda xoş əhval-ruhiyyə formalaşırdı. Xüsusilə uşaqların məhz həmin kənddə məktəbə getmələri sevindirici haldır. Bunun nəticəsində onlar öz tarixlərini bir vaxtlar erməni tapdağı altında olan öz torpaqlarında dərs alaraq öyrənəcəklər.
Eyni zamanda, səfər daxilində məhz Cocuq-Mərcanlı kəndində “Liderliyin İnkişafı Proqramı”nın ilk məzunlarına müvafiq sertifikatlar təqdim olundu. Qoy, düşmən tərəfi Cocuq-Mərcanlıda hər zaman Azərbaycan xalqının nailiyyətini, uğurunu görsün.
– Azərbaycanın diaspor siyasəti haqqında nə deyə bilərsiniz və xaricdə yaşayan biri kimi, sizi bu siyasət qane edirmi?
– Layihə çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində keçirilən görüş zamanı bu haqda fikir mübadiləsi apardıq. Komitə sədri Fuad Muradov Azərbaycanın uğurlu diaspor siyasəti barədə məlumat verdi, diaspor nümayəndələri ilə dövlət qurumları arasında əlaqələrin qurulması və əməkdaşlığın əhəmiyyətindən danışdı. Biz də öz fəaliyyətlərimiz barədə məlumat verdik, “Liderliyin İnkişafı Proqramını” və ümumiyyətlə Dövlət Komitəsinin fəaliyyət prinsiplərini müəyyən edən Strateji Yol Xəritəsini yüksək qiymətləndirdik,
həmçinin, bir sıra təkliflərimizi dilə gətirdik.
Azərbaycan əsilli idmançıların Azərbaycan idmanına töhfə verməsi imkanları, Azərbaycan mədəniyyətinin xaricdə təbliği, “Soydaşlar haqqında” Qanun layihəsinin perspektivləri və dünyadakı soydaşlarımızın hüquqlarının daha effektiv qorunması, azərbaycanlı məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması yolları, soydaşlarımızın üzləşdiyi miqrasiya problemləri, azərbaycanlı icmalarının yaşadıqları ölkələrin cəmiyyətlərinə daha sürətli inteqrasiyası və bu ölkələrin Azərbaycan ilə əlaqələrinin qurulmasına dəstəyi, ölkəmizdə turizmin, eləcə də kiçik və orta biznesin inkişafı imkanlarının təşviqi, xaricdəki soydaşlarımızın milli təhsil problemləri, Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda olduğu kimi qəbul etdirilməsi istiqamətində mümkün səmərəli fəaliyyət imkanları və bu kimi digər vacib məsələlərə toxunaraq müzakirələr apardıq. Düşünürəm ki, müzakirələrimiz real nəticələrə gətirib çıxaracaq.
Bu faydalı və yüksək perspektivi olan səfər üçün Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə təşəkkür edirəm. Eyni zamanda Komitə əməkdaşları Vüqar Məmmədov və İlqar Məcidlinin əməyini də xüsusi qeyd etmək istərdim. Bir həftə ərzində bütün görüş və tədbirlərdə proqram iştirakçılarını müşayiət etdilər və lazımi məlumatları əldə etmək fürsəti yaratdılar.