Əmircan sakinləri aparılan genişmiqyaslı işlər nəticəsində Murtuza Muxtarov Parkının yenidən qurulmasına görə təşəkkür ediblər.
Trend-in məlumatına görə, Murtuza Muxtarovun nəticəsi Ziynətxanım Əliyeva bildirib ki, bu parkın açlışından sonra Murtuza Muxtarovun ruhu şad olacaq: “Əmircan sakinləri də bu parkın açılmasını çox səbrsizliklə gözləyirdilər”.
Qəsəbə sakinləri bildiriblər ki, əvvəllər bu parkda oturmaq mümkün deyildi. İndi isə gözəl park və yaşıllıq salınıb: “Bunu inşa edənlərə “çox sağ ol” deyirik. Çox şadıq ki, bu parkı açıblar. Əmircan sakinləri gəlib burada istirahət edəcəklər”.
Qeyd edək ki, qəsəbənin Cabir Əliyev küçəsində yerləşən keçmiş “7 Qoç” parkı 1992-ci ildə salınıb. Uzun illər parkın ərazisində heç bir təmir işləri görülməyib. Qəsəbə sakinlərinin müraciəti nəzərə alınaraq parka əslən Əmircandan olan, XIX əsrdə ilk qazma avadanlığı zavodu açan və qazma dəzgahı ixtira edən xeyriyyəçi Murtuza Muxtarovun adı verilib, burada onun büstü qoyulub.
Heydər Əliyev Fondunun dəstəyi ilə iki ay ərzində burada genişmiqyaslı abadlıq işləri aparılıb, gözəl və müasir park yaradılıb.