Millət vəkili, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevin “Qafqazinfo”ya müsahibəsi:
– Siz YAP Gəncə şəhər təşkilatının sədrisiniz. Parlamentin ötən iclaslarının birində həmkarınız Siyavuş Novruzov YAP-çı deputatları fəal olmamaqda, hadisələrə münasibət bildirməməkdə ittiham etdi. Və bir növ elə təəssürat yaratdı ki, sanki o, siyasi səhnədə tək qalıb. Sizcə, Siyavuş Novruzov təkdirmi?
– Hörmətli Siyavuş müəllim qətiyyən tək qalmayıb. Bilirsiniz ki, YAP-ın sıralarında 700 mindən çox partiya fəalı cəmləşib. Parlamentdə də partiyadan seçilmiş deputatların sayı çoxdur. Məncə, bu, o məqsədlə edilən çağırış deyil. Bəzi şəxslər var ki, onlar mövqe bildirməkdən çəkinirlər. Gənc deputatlar mövqe bildirdikdə isə bütün müxalif qüvvələr bizim üstümüzə tökülüşür. Təəssüflər olsun, belə bir fikir formalaşıb ki, məsələ mənlik deyilsə sakit durum. Başqalarıyla kimin nə işi varsa, onu cəzalandırsınlar. Bu baxımdan artıq mövqe bildirmək lazımdır. İnsan mövqeyini gizli saxladıqca onun mövqeyi unudulur. Ona görə də hər kəs fəal olmalıdır. Haqsız təhqirlər olur, informasiyalar təhrif olunur. Biz çalışmalıyıq ki, düzgün nədirsə onu ictimaiyyətə çatdıraq. Bir neçə şəxs var ki, media da onlara üz tutur, ancaq məsələni şaxələndirmək lazımdır. Elə fikir formalaşmasın ki, yalnız bir nəfər danışır.
– Elə həmin iclasdan sonra YAP-çı deputatlarla partiyanın baş ofisində görüş keçirildi. Jurnalist olaraq bizim də tez-tez rast gəlmədiyimiz hal idi. Sizə görüşdə hansısa mühüm tapşırıqlar verildimi?
– Bu cür görüşlər mütəmadi olur. Biz partiyaya daxil olduqdan sonra təbii ki, qarşımızda müəyyən tələblər qoyulur. Yolumuza çıxan maneələrlə dayanmadan mübarizə aparmalıyıq və vətəndaşlarımıza xidmət etməliyik. Tələblər əvvəl necə idisə bu gün də elədir. Ölkədə islahatlar həyata keçirilir, gənclərə yol verilir. Biz vəzifəmizi bilirik. Amma çox yaxşı haldır ki, rəhbərlik bizə vəzifələrimizi tez-tez xatırladır.
– Plenar iclaslar ikinci hissəyə qalanda parlament sədri Oqtay Əsədov demək olar ki, hər dəfə deputatlara iştirakla bağlı xəbərdarlıq edir. Hətta bununla əlaqədar qanunvericiliyə də dəyişiklik edildi. Sizcə, bəzi deputatlar sədrin tapşırığını niyə nəzərə almır?
– Mən iclas başlayandan bitənə kimi yerimdə əyləşməyə çalışıram. Bunun müxtəlif səbəbləri ola bilər. İstənilən halda yaxşı hal deyil. İnanıram ki, bu cür halların bir daha şahidi olmayacağıq və cənab sədrimizi narahat etməyəcəyik. Hər kəs çalışmalıdır ki, məsuliyyətli olsun. Biz dövlətdən maaş alırıq və xalqın deputatıyıq.
– Sosial şəbəkələrdə aktivsiniz. Hətta feysbukda iki profiliniz var. Maraqlıdır ki, istifadəçilər adətən bir profili işlətməkdə çətinlik çəkirlər, siz isə ikisini birdən idarə edirsiniz. Bunu necə bacarırsınız?
– Uzun illərdir ki, sosial şəbəkədən istifadə edirəm. İT sahəsinə marağım var idi. Bu sahədə təhsil də almışam və onun biznesiylə də məşğul olmuşam. Profilimin birini həmin dövrdən açmışam. İkincisi uşaqlıqdan götürdüyüm ləqəbdir. Sonradan isə oğlumun adını Nuhun qoydum və ikisini də işlətməli oldum. Dostlarımı itirmək istəmədim. Həm də onları yeni profilimə səsləmək də etik alınmır. İkisi də yaxşı effekt verir. Çünki hərəsinin öz auditoriyası var. Profilinin birində birbaşa ünsiyyətdə olduğum, yaxından tanıdığım insanlardır. Orada səmimi paylaşımlar da edə bilirəm. Digəri isə rəsmi hesabdır. Bu gün gənclər instaqramdan da istifadə edir. Ona görə də orada da hesab açmışam və səhifəmi özüm idarə edirəm. Tvitterdə də paylaşımlar edirəm, ancaq orada maraq azdır.
– İndi sosial şəbəkədə təhqir mövzusu aktualdır. Siz profillərinizdə təhqirə məruz qalırsınız?
– Sevindirici haldır ki, şəxsən mənə ünvanlanan təhqirlər olmur. Başqa səhifələrdə müzakirələrdə əvvəllər bunun şahidi olmuşam və səbrlə qarşılamışam. İnsanlar məni tanımadığı, hadisənin içində olmadığı halda həmin ifadələri işlədirlər. Əminəm ki, şans düşəcək və insanlara gerçəyi izah edəcəm. Biz bütün hallarda kimisə təhqir etməməliyik. Mənim profilimə tənqidlər gəlir. Mən o dəqiqə çalışıram ki, həmin şəxslərlə birbaşa telefon ünsiyyəti quram. Yaxud görüşə çağırıram və ya mən görüşə gedirəm. Elektron məkanda hissləri və fikirləri tam çatdırmaq olmur. Başqaları ilə problemi olan tərəfləri bir araya gətirməliyik. Biz odu alovlandırmaq üçün vəzifəyə seçilməmişik. Təəssüf ki, informasiya terroru mənə də zərbə vurdu. İnanmıram ki, ondan böyük zərbə alam. Ancaq bu zərbədən sonra özümü daha güclü hesab edirəm. Əvvəl çox deyirdim ki, niyə hədəf mən oldum?! Amma illər keçir, artıq prosesləri analiz edirsən və bunu qəbullanırsan. Məni xaricdə tanıyan siyasətçi dostlarım da deyir ki, sən o məsələni deyə bilməzdin. Əlimi sıxırlar və deyirlər ki, sənin vəziyyətini başa düşürük. Çox sağ ol ki, sakitləşdin, problemlərin üzərinə getmədin.
– Gəncə-Bakı sürət qatarından istifadə edirsinizmi?
– Sonuncu dəfə Bakıya gələndə qatarla gəlmişəm. Qatarla gəlməyin müsbət cəhətlərindən biri də kitab oxumağa kömək etməsidir. Maşınla gələrkən isə çalışıram ki, yatım və ya daha çox musiqiyə qulaq asım.
– Qatarda hansı sinifdən bilet alırsınız?
– Açığı deyim ki, 100 manatlıq bileti almağa utandım. Həm də tək olanda mənası yoxdur. Ona görə də 50 manatlıq biletə daha çox üstünlük verirəm. Məndən olsa lap 10 manatlıq bilet də alardım. Gələndə oturduğum sinifdə tək deyildim. Başqa iki-üç nəfər də var idi. Yolun yarısını kitab oxudum, qalan vaxtda da dincəldim. Dostlarım və ailəmlə gələndə 10 manatlıq bilet də ala bilərəm. Çünki elə də böyük fərq görmədim.
– Deputat kimi ictimai nəqliyyatdan çox istifadə edirsiniz. Sizi metroda da, avtobusda da, piyada gəzərkən də görmək mümkündür. Bunu sağlamlıq üçün edirsiniz?
– Mən gözümü açandan evimizdə avtomobil görmüşəm. Gələcəkdə avtomobilim olsun deyə, arzum olmayıb. Sürücülük vəsiqəsi də almaq istəmirdim. Çünki alsaydım, dostlarım məni avtomobil sürməyə məcbur edəcəkdilər. Ancaq zamanı gələndə sürücülük vəsiqəsi də aldım. Avtomobil idarə etmək çox çətindir. Bütün diqqətin yayınır, gələn zənglərə cavab verə bilmirsən. Tıxaclara düşməmək və təhlükəsizlik üçün ictimai nəqliyyat daha yaxşıdır. Bacardığım qədər Bakı şəhərində daha çox ictimai nəqliyyatdan istifadə edirəm. Gəncədə isə xidməti avtomobilim var. Vaxt olanda tədbirlərə piyada getməyə çalışıram. Ancaq avtobuslardan da istifadə edirəm. Bunun həm də effekti var. Çünki bəzən olur ki, rəhbərliyin özü belə məlumatlardan xəbərsiz olur. Yaxud ona düzgün məlumatlar çatdırılmır. Bu baxımdan ictimai nəqliyyat faydalıdır.
– Hətta bir dəfə metroya minəndə ayaqqabılarınızı çəkib müzakirə etdilər. Bahalı olduğunu bildirdilər.
– Həmişə ilklər acılı olur. Ayaqqabı da baha deyildi. 100 dollara almışdım. Özü də mən ictimai nəqliyyatdan istifadə edən tək deputat deyiləm. Yəqin gənc və tənqidlərə açıq olduğuma görə elə məni hədəfə götürüblər. Ancaq kimlərinsə nəsə fikirləşməsi məni sevdiyim işdən ayıra bilməz. Mən bundan zövq alıram. Ekonomik cəhətdən də sərfəlidir.
– Bizdə məsələnin daha çox müzakirə olunmasının bir səbəbi də sosial vəziyyətlə bağlı ola bilər. Yəni kiminsə geyimində bahalı bir əşyanı görmək dərhal müzakirələrə səbəb olur. Onun geyinə bilmədiyini başqası geyinəndə bu, qıcıq yaradır…
– Nə qədər insan varsa o qədər də yanaşma olacaq. Əsas odur ki, mən bunda qeyri-adi bir şey görmürəm. Hətta mən başqaları qədər çox bahalı geyimlər də geyinmirəm. Sadəcə bu, kimlər üçünsə bəhanə idi. Təəsüflər olsun ki, biz həm sadəlik istəyirik, eyni zamanda belə hallarla qarşılaşanda da yeni şərtlər yaranmağa başlayır. Heç vaxt istəklər bitmir. Artıq növbəti seçkilərdə gənclərin sayı artanda və bizim sayımız az olmayanda bu məsələlər adiləşəcək.
– Paltarlarınızı haradan alırsınız?
– 5-6 il bundan qabaq hər gənc kimi şopinqi sevirdim. Ancaq son 3-4 ildir ki, bacardığım qədər qarderobumu yeniləmirəm. Çünki səliqəli geyinirəm.
– Bayaq dediniz ki, ictimai rəyi öyrənmək üçün Gəncədə də ictimai nəqliyyatdan istifadə edirsiniz. Camaatın dilindən hansı problemləri eşidirsiz?
– Orada avtobusdan istifadə etməyimin birinci səbəbi xidmətin necə olduğunu öyrənməkdir. Əhalinin problemlərinə isə hər yerdə qulaq asırıq. Bununla yanaşı, mütəmadi qəbullar keçirilir. Əgər mən Gəncədəyəmsə, həftənin bütün günləri vətəndaş müraciət edir və qəbula düşə bilir. Səlahiyyətim çatanda məsələni həll edirəm, digər hallarda isə yuxarı instansiyalara müraciət edirik. Gözləmirik ki, problem sosial şəbəkələrdə aktuallaşsın.
– Yeni icra başçısı gələndən sonra durum necədir? Gəncədə ümumi ab-hava hansı yöndə dəyişib?
– Dəyişikliklər həmişə müsbətə doğrudur. Hazırda proses elə təşkil olunub ki, istənilən vətəndaşın müraciəti cavabsız qalmır. Əvvəllər də cavabsız qalmırdı. Ancaq bəlkə də düzgün formada çatdırılmırdı. Ola bilərdi ki, problemi deməkdən çəkinirdilər. Kimlərsə gizlədə bilərdi. Biz problemin həllini yalnız dövlətdən gözləməməliyik. Öz üzərimizə düşəni həll etdikdən sonra başqalarına müraciət edə bilərik. Artıq proses də elektronlaşdığı üçün vətəndaş məmur təması sıfra endirilib.
– Siz əslən Qərbi Azərbaycanın Basarkeçər rayonundansınız. Yəqin, Gəncəyə sonuncu köçdə gələnlərdənsiniz. Orada yaşayışınız necə idi?
– Hər normal insan kimi mən də yuxu görürəm. Hər dəfə yuxudan ayılanda şok yaşayıram. Çünki gözümü açıb görürəm ki, həmin evdə deyiləm. Hər dəfə yuxumda həm babamgilin, həm də özümüzün yaşadığımız evi görürəm. Xəyalən insan o torpaqlara qayıdır. Yeridiyi küçələr, ünsiyyətdə olduğu insanları xatırlayır. Son 2-3 ildir, çalışıram ki, keçmişdə yaşanan, acı və stressli anları silim və bacardığım qədər də silmişəm.
– Bəs silmədiyiniz nələr qalıb yaddaşınızda?
– Mən 2 yaşımda baş verən hadisələri xatırlayıram. Nənəmin təndirdə bişirdiyi çörəklər yadımdan çıxmaz. İndi uşaqlar çips yeyir, biz o zaman təndirdə qalan qazmağı yeyirdik. Balaca vaxtı çəpişlərin qulağını dişləməyi də çox sevirdim. Hər yay heyvanları dağa aparırdıq. Mən dağda qalmağı çox sevirdim. Bir dəfə dedilər ki, səni aparacağıq dağa, amma qaytarıb evə gətirdilər. Mən də 3-4 gün hamıdan küsdüm. Rayon mərkəzində mərkəzi univermağa getməyi çox sevirdim. Hər dəfə də yeni oyuncaq alırdım. O vaxtdan ən bahalı konstruktorlarım var idi. İlk vaxtlar ermənilərlə tez-tez ünsiyyətdə olurdum. Amma son illərdə bizi ermənilərdən qoruyurdular. Anam əməliyyat olmalı idi. Nənəm, babam ağlayırdı. Çünki növbədə olan cərrah erməni elə şəxs idi ki, türklərdən nifrət edirdi və əməliyyat zamanı onları öldürürdü. Babamgil buna görə çox böyük stress yaşadı. Bir neçə yoldan istifadə etdilər, tapşırıqlar oldu ki, əməliyyat zamanı problem olmasın. Onun əməliyyat etdiyi türklər arasında 2-3 nəfərin sağ qaldığını deyirdilər. Onlardan biri də mənim anam idi.
– Həmin həkim hazırda sağdır?
– O vaxt yaşlı idi. Yəqin indi həyatda olmaz. Öz aləmində türklərdən heyif alırdı. O zaman ilk dəfə başa düşdüm ki, ermənilərdən qorxmaq olar. Sonuncu dəfə univermaqdan oyuncaq alanda mənlə kobud danışdılar. Ailəm uşaqlara qoşulub harasa getməyimi istəmirdi, bir dəfə bunun üstündə məni danladılar.
– Ailəniz mal-qara təsərrüfatı ilə məşğul idi?
– Hər bir ailədə olduğu kimi bizim də həyətdə heyvanlar var idi. Bununla bərabər, atam kəndin baş mühəndisi idi. Babalarımdan biri sürücü idi. Digəri isə ferma müdiri idi.
– Neçə ailə üzvünüz var?
– Bir bacım və bir qardaşım var. Onlar Gəncədə yaşayırlar. Vəzifədə işləmirlər. Sadə həyat yaşayırlar. Anam müəllimdir. Atam birinci qrup əlildir.
Günel Türksoy
Foto – Video: Pərvin Zeynal