Naxçıvanda ilk bilyard turniri keçirilib

Avqustun 31-də Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə muxtar respublikanın Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyasının (ABF) birgə təşkilatçılığı əsasında bilyard üzrə açıq birincilik keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Marvel” Bilyard Klubunda reallaşan yarışda 20 nəfər iştirak edib. Əvvəlcə Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Məcid Seyidov ölkəmizdə idmana göstərilən dövlət qayğısından bəhs edib. Nazir müavini Naxçıvandakı bilyard həvəskarlarını əlamətdar gün münasibətilə təbrik edib və bildirib ki, bu yarış ilk olduğu üçün bu sahədəki mövcud perspektivlərin öyrənilməsi üçün böyük zəmin yaradır.

ABF prezidenti Seymur Məmmədov təşkilati dəstəyə görə öz təşəkkürünü bildirərək Naxçıvanda ilk belə yarışın keçirilməsini bu sahədə təməl addım kimi dəyərləndirib. Qeyd edib ki, federasiya regionlarda da bu idman növünün inkişafını prioritet kimi müəyyənləşdirib və Naxçıvan kimi inkişaf etmiş diyarda bunun üçün əlverişli şərait, perspektivlər mövcuddur.

Sonra Məcid Seyidovun rəmzi vuruşu ilə turnirə start verilib.

Gərgin keçən final görüşünü 3:2 hesablı üstünlüklə tamamlayan Fərid Hacıyev yarışın qalibi olub. Nahid Qoçəliyev ikinci, İntizam Quliyevlə Ramazan Əliyev üçüncü yerə layiq görülüblər.

İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə təltif olunublar.

ƏvvəlkiBakıda Qırğızıstanın müstəqillik günü təntənə ilə qeyd edilib
NövbətiPrezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs veriblər