Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin və Naxçıvan Muxtar Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində məhkəmə ekspertizası fəaliyyətinə dair tədbir təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasında məhkəmə ekspertizasının səmərəli aparılmasının təmin edilməsi” mövzusunda keçirilən tədbirdə muxtar respublikada ekspertiza təyinetmə səlahiyyətlərinə malik olan bütün orqanların əməkdaşları və Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə tələbələri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov çıxışında tədbirin mahiyyətini və əhəmiyyətini qeyd edib, muxtar respublikada məhkəmə ekspertizasının yaranması və inkişaf perspektivləri barədə məlumat verib. Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ədliyyə sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində muxtar respublikanın ədliyyə orqanlarının müasirləşdirilməsi və inkişafı ilə bağlı son illərdə müvafiq qərarlar qəbul olunub, nazirliyin fəaliyyət istiqamətləri üzrə xidməti sahələrinin inkişafına diqqət yetirilib. Ədliyyə orqanlarının fəaliyyət istiqamətlərindən biri də ekspertiza işinin təşkil edilməsidir. Muxtar respublikanın mövcud coğrafi şəraiti nəzərə alınaraq ekspertizaların dəqiq keçirilməsi, maddi sübutların Bakı şəhərinə göndərilmə çətinliyinin aradan qaldırılması, araşdırma operativliyinin təmin edilməsi məqsədilə Ali Məclis Sədrinin tapşırığı və qəbul etdiyi qərarlar əsasında Məhkəmə Ekspertiza Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin maddi-texniki təminatı yaradılıb, ekspertizaların keçirilməsi üçün Avropa Məhkəmə Ekspertizaları Birliyinin yüksək standartlarına cavab verən müasir kriminalistik-texniki avadanlıqlar alınıb. Mərkəzin müasir avadanlıqlarla təmin edilməsi və xüsusi biliyə malik ekspertlərlə komplektləşdirilməsi ekspertiza işlərinin yüksək səviyyədə aparılmasına, məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən təyin edilmiş ekspertiza işlərinin vaxtında və hərtərəfli araşdırılmasına mühüm köməklik göstərib. Bu gün mərkəzdə ekspertizaların bir çoxunun icrası qanunvericiliklə müəyyən olunmuş müddətdən daha tez başa çatdırılır. Çünki istintaq və məhkəmə araşdırmasında xüsusi bilik tələb edən sahələrin araşdırılması ədalət mühakiməsinin səmərəliliyinə mühüm təsir göstərir. Bu tədbirin də təşkil edilməsinin əsas məqsədi muxtar respublikada digər sahələrdə olduğu kimi ekspertiza fəaliyyətinin də daha səmərəli həyata keçirilməsindən ibarətdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi vəzifəsini icra edən baş ədliyyə müşaviri Rəhim Rəhimov ölkəmizdə məhkəmə ekspertizasının təşkili məsələləri barədə danışıb, bu sahədə aparılan islahatlardan bəhs edib. O, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə muxtar respublikanın müvafiq qurumu arasında mütəmadi olaraq əlaqə yaradıldığını və qarşılıqlı şəkildə əməkdaşlıq edildiyini bildirib. Qeyd edib ki, zəruri sahələr üzrə mütəxəssislərin hazırlanması məqsədilə muxtar respublikadan göndərilmiş ekspertlər Bakı şəhərində təkmilləşdirmə kursu keçir, eləcə də əlavə imza hüququ almaq üçün təcrübə kurslarına və təlimlərə cəlb edilir və onlar orada ekspertiza sahələri üzrə qabaqcıl ölkələrin təcrübəsi ilə tanış olurlar. Yeni texniki vasitələrin tətbiqi və elmin inkişafı ilə bağlı yeniliklər, yeni və əlavə imza hüquqlarının alınması müsbət nəticələrin əldə olunmasına geniş imkanlar yaradır. Məhkəmə Ekspertizası Mərkəzinin rəisi bundan sonra da muxtar respublikada məhkəmə ekspertizası fəaliyyətinin daha səmərəli təşkilində yaxından iştirak edəcəklərini bildirib.
Sonra Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Ədliyyə nazirliklərinin Məhkəmə Ekspertizası mərkəzlərinin təcrübəli ekspertlərinin məhkəmə ballistik, trasoloji, daktiloskopik, narkotik vasitələr, yol-nəqliyyat hadisələri və psixoloji ekspertizaların aparılmasının xüsusiyyətləri barədə məruzələri dinlənilib.
Muxtar respublika ərazisində ekspertiza təyin etmə səlahiyyətlərinə malik orqanların əməkdaşlarının ekspertiza fəaliyyəti ilə bağlı təklifləri dinlənilib, müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.
Tədbir iştirakçılarına ekspertiza fəaliyyətindən bəhs edən metodiki vəsaitlər toplusu paylanılıb.