Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Mirvarid Dilbazi Poeziya Məclisinin birgə təşkilatçılığı ilə ”Sazlı-sözlü Kəlağayı Günləri” çərçivəsində ilk tədbir Naxçıvanda keçirilib. Tədbir nəticəsində sazlı-sözlü konsert, ”Anam kəlağaylı bir muğamıydı…” kitabının təqdimatı, rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri və Kəlağayı ev muzeyinə aid qədim kəlağayılardan ibarət sərgi tamaşaçılara təqdim edilib.
Naxçıvan Dövlət Uşaq Teatrında baş tutan tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı açaraq
tədbirin mahiyyətindən danışıb. Bildirib ki, kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populiyarlığını daha da artırmaq olduqca vacibdir. Şair publisist Güllü Eldar Tomarlı vurğulayıb ki, ”Sazlı-sözlü Kəlağayı Günləri” çərçivəsində noyabrın 26-dək ölkəmizin ayrı-ayrı şəhərlərində -Tovuz, Gəncə, Naftalan, Sumqayıt, Şamaxı, İsmayıllı, Şəki, Qazax və Bakıda Azərbaycan Mədəniyyət Nazirliyinin aidiyyatı üzrə regional qrumlarının dəstəyi ilə sazlı-sözlü görüşlərimiz keçiriləcək və kəlağayımızın təbliği davam edəcəkdir.
Sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi aparatının rəhbəri Piri Nağıyev yeni nəşr olunmuş kitabın milli-mənəvi dəyərlər sistemində özünəməxsus yeri olan kəlağayının yaşadılması və təbliği cəhətindən qiymətli kitab olaraq dəyərləndirib.
Sonra Xatirə Muzeyinin baş fond mühafizi, şair, “Mirvarid Dilbazi Poeziya Məclisi”nin üzvü Sevinc Səbzəliyeva, Naxçıvan radiosunun əməkdaşı, şair Təranə Arifqızı, Naxçıvan Televiziyasının baş redaktoru Ruhiyyə Rəsulova, şair Tural Nəqşicahan yeni işıq üzü görən kitab və milli dəyərlərimizin yaşadılmasının önəmi ilə bağlı fikirlərini bölüşüblər.
Aşıqlardan Aydın Cəfərov, Zeynəb Yusifova, Güntac Ayazlı, Əli İmamquliyev, Gülizar Əhmədli saz havalarında klassik şairlərin sözlərini ifa ediblər. “Qara tellərin” xalq mahnısını Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Hünər Əliyev ifa edib. Xalq mahnısını Naxçıvan Dövlət Filarmoniyasının “Muğam Üçlüyü” (tarda Taleh Əliyev, kamançada prezident mükafatçısı Nurlan Nuriyev, nağarada Prezident mükafatçısı Mahir Rüstəmov, balabanda Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Nihad Quliyev) müşaiyət ediblər.
Sonda “Arşın mal alan” operettasından qızların xoru (rəqs) Naxçıvan Dövlət Filarmoniyasının qızlardan ibarət rəqs qrupu iştirakçılara xoş ovqat bəxş ediblər.