Nazirlər Kabinetində (NK) Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının monitorinq portalının təqdimatı keçirilib.
Bu barədə “Report”a NK-dan məlumat verilib.
Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iclasda çıxış edərək Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” barədə söz açıb.
O bildirib ki, strategiyada müəyyən edilmiş beş prioritet üzrə genişmiqyaslı tədbirlərin görülməsi nəzərdə tutulur: “Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişinə əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir”.
Sonra İİTKM-in icraçı direktoru Vüsal Qasımlı azerbaijan2030.gov.az portalı haqqında məlumat verib.
O bildirib ki, 2030-cu ilə kimi müəyyən olunan 5 Milli Prioritet üzrə qoyulan hədəflərə çatmaq məqsədilə Strategiyada 2022-2026-cı illər üçün 12 strateji məqsəd və hər məqsəd üzrə konkret hədəflər müəyyən olunub. Strategiyanın “Tədbirlər Planı” bölməsində 65 fəaliyyət istiqamətinin 269 tədbiri üzrə 751 nəticə indikatoru qeyd edilib. Əsas hədəf indikatorları üzrə monitorinq Strategiyanın icrasına başlandığı müddət ərzindən davamlı olaraq həyata keçiriləcək və 2026-cı il üçün qarşıya qoyulmuş hədəf göstəricilərinə nail olunmasında əsas yolgöstərici kimi çıxış edəcək.
“2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyasının monitorinq Portalı”ından istifadə qaydalarının, həmçinin hesabatlılığın təmin edilməsi məqsədilə Strategiyada nəzərdə tutulmuş tədbirlərin əsas icraçısı müəyyən edilmiş 33 qurumun 100-ə yaxın nümayəndəsinə təlimlər keçirilib. Həmçinin Portaldan istifadəyə dair istifadəçi təlimatı və videotəlimat hazırlanıb. Nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə 8 işçi qrup formalaşdırılmışdır.
Monitorinqin aparılmasının əsas məqsədlərindən biri də tədbirlərin icrası zamanı müvafiq tövsiyələrin təmin edilməsi ilə görüləcək işlərin səmərəli həyata keçirilməsinə dəstək verməkdir. Belə ki, monitorinqdən əldə olunan nəticələr əsasında tədbirlərin icrası zamanı yaranan problemlər və bu problemlərin həlli ilə bağlı önləyici addımlar müəyyən edilir. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrası zamanı nəticələrin izlənilməsi, inkişaf məqsədlərinə çatılmasında əvvəlcədən boşluqların müəyyən olunması və preventiv addımların atılması məqsədilə monitorinq nəticələri əsasında müvafiq tərəqqi hesabatı tərtib olunacaq.
Strategiyanın təsirinin qiymətləndirilməsi metodologiyası “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na uyğun olaraq, 2025-ci ildə 2022-2024-cü illər üzrə görülmüş işlərin, 2027-ci ildə 2022-2026-cı illərdə görülmüş işlərin təsirini qiymətləndirmək üçün aparılacaq. Qiymətləndirmənin aparılmasında qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq effektivlik, uyğunluq, səmərəlilik, davamlılıq və təsir kriteriyaları əsas götürülməklə qiymətləndirmə sualları tərtib olunacaq.