“Hava şəraitinin kəskin soyuması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığınacaqları gücləndirilmiş iş rejimində işləyir”.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
Onun sözlərinə görə, sığınacağa ehtiyacı olanların Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına və ya Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulub.
Sosial sığınacağa ehtiyacı yaranan şəxslər özləri, yaxud onlar barədə digər şəxslər bu barədə 077 641 51 81 nömrəsinə və ya Nazirliyin 142 – Çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.
Sığınacaqlara yerləşdirilən şəxslər burada yataqla, yemək və lazım gəldikdə ilkin tibbi yardımla təmin olunurlar.
Hər iki sığınacağa bu günədək 360-dan çox şəxs qəbul edilib. Onlardan 230-u 18 yaşdan yuxarı şəxslər, qalanları yetkinlik yaşına çatmayanlar olub. Hazırda iki müəssisədə 59 nəfər, o cümlədən 18 yaşdan yuxarı 47, yetkinlik yaşına çatmayan 12 nəfər stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunurlar.