Avqustun 30-da Neftçala rayonunun Qırmızıkənd kənd məktəbində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində icra olunan “Neftçala rayonunun Qırmızıkənd kənd məktəbinin əlavə məktəb binasının inşası” layihəsinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə ilk olaraq Azərbaycan və Yaponiyanın Dövlət himnləri səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Çıxışlarda qeyd olunub ki, layihə çərçivəsində Neftçala rayonunun Qırmızıkənd kənd məktəbinin əlavə korpus binasının tikintisi üçün “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinə” 90 min 513 ABŞ dolları (152 min 968 manat) məbləğində qrant ayrılıb. Layihənin əsas məqsədi həmin rayonda təhsil şəraitinin yaxşılaşdırılaraq, bölgələrdə yaşayan məktəblilərin təhsilə əlçatanlığını təmin etməkdir. İnşa olunan 114 şagird yerlik məktəbin sahəsi 284 kvadratmetrdir və işıq, su, qaz istilik sistemi ilə təmin edilib. Yeni tədris korpusu 7 sinif otağı, 1 texniki otaq və 2 sanitar qovşağından ibarətdir.
Qeyd edək ki, indiyə qədər Azərbaycanda həmin proqram çərçivəsində icra olunan layihələrin ümumi sayı 285 olmaqla, ümumi qrant məbləği 24 milyon 70 min ABŞ dollarını (təqribi 40 milyon 680 min manat) ötüb.
“Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” Azərbaycan Respublikası əhalisinin sosial rifahının yaxşılaşdırılması məqsədilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçikmiqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır.