“Neftçi” “Dinamo”ya səfərdə qalib gəldi

“Neftçi” komandası Gürcüstanın paytaxtı Tbilisidə “Dinamo” ilə keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda qalib gəlib.

“Report”un görüşü canlı izləyən əməkdaşının məlumatına görə, Boris Payçadze adına “Dinamo Arena”da təşkil olunmuş qarşılaşmada Azərbaycan klubu 2:1 hesablı qələbə qazanıb.

Görüşü stadionun ümumi tutumunun 40 faizi qədər, yəni 22 minədək tamaşaçının izləmək imkanı olsa da, görüşə maraq elə də yüksək səviyyədə olmayıb. Cəmi 5 000-dək azarkeş arasında azərbaycanlılar da yer alıb. Onların sayı 100-dək olub.

“Neftçi” meydana 3 – 5 -2 taktiki düzülüşü ilə çıxıb. Qapıçı Aqil Məmmədovun önündə mərkəz müdafiəçiləri qismində Voislav Stankoviç, Mamadu Mboc və Mert Çelik qərarlaşıb. Yarımmüdafiənin cinahlarında Yusuf Laval və yeni transfer Harramiz Suareş, mərkəzdə isə Sabir Buqrin, Mamadu Kane və kapitan Emin Mahmudov yer alıb. Hücum xətti isə Namik Ələskərov və daha bir yeni transfer Sezar Meza Kolliyə tapşırılıb.

Görüşün ilk yarısı meydan sahiblərinin aşkar üstünlüyü şəraitində keçib. “Dinamo”nun çoxsaylı hücumlarının qarşısını Aqil Məmmədov dəfələrlə almağı bacarıb. “Neftçi” isə daha çox əks-hücumlara bel bağlayıb. İlk qol da məhz belə hücumdan sonra vurulub. 23-cü dəqiqədə zərbə mövqeyinə çıxan Ələskərov rəqib qapıçı Roin Kvasxvadzenin önə çıxmasından yararlanaraq, topu onun başı üzərindən tora göndərib.

Buraxdığı qoldan sonra “Dinamo” hücumlarının kəsərini daha da artırıb. Tbilisi təmsilçisi istəyinə 36-cı dəqiqədə çatıb. Serbiyalı hücumçu cərimə meydançasının çölündən qüvvətli zərbə ilə bərabərlik qolunu vurub – 1:1. İlk yarı elə bu hesabla yekunlaşıb.

İkinci hissəyə “Neftçi” daha fəal başlayıb. Tədricən üstünlüyü ələ alan “ağ-qaralar” 56-cı dəqiqədə penalti qazanıb. İsrailli referi David Fuksman Ələskərova qarşı kobudluğu 11 metrlik cərimə zərbəsi kimi dəyərləndirib. Mahmudovun ilk zərbəsini “Dinamo”nun qapıçısı qaytarsa da, baş hakim onun qapı xəttindən irəli çıxdığını bildirərək, zərbənin təkrarlanmasını istəyib. Kapitan bu dəfə dəqiq olub.

Bu qoldan sonra meydan sahibləri yenidən bərabərlik qolunu vurmaq üçün irəli atılıblar. Lakin bu dəfə “Neftçi”nin müdafiə xətti rəqibin hücumlarının kəsərli alınmasına imkan verməyib. Beləliklə, “Neftçi” səfər oyununda “Dinamo” üzərində qələbə qazanaraq, iyulun 14-də “Bakcell Arena”da keçirəcəyi cavab oyunu üçün böyük üstünlük əldə edib. Həmin qarşılaşma saat 21:00-da start götürəcək.

ƏvvəlkiATƏT Parlament Assambleyasının yay sessiyası başa çatıb
NövbətiAzərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiqlənib