Bu gün baş nazir Novruz Məmmədov Bakı şəhərinin Sabunçu rayonu ərazisində – “Koroğlu” qovşağındakı asma körpüdən özünü ataraq intihar etmək istəyən şəxslə danışıb və onu intihar etmək fikrindən daşındırıb.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı APA-ya açıqlama verən Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, bu gün səhər saatlarında “Koroğlu” qovşağındakı asma körpüdə intihara cəhd hadisəsi olub.
A. Əli deyib ki, bununla bağlı körpüyə gedən yollarda nəqliyyatın hərəkəti dayandırılıb, Fövqəladə Hallar Nazirliyi və digər müvafiq qurumların əməkdaşları hadisə yerinə cəlb olunub. Yollar bağlı olduğu üçün Heydər Əliyev Beynəlxalq Aeroportundan gələn avtomobillər Zığ istiqamətə yönəldilib: “Baş nazir Novruz Məmmədov səhər işə gələrkən onun olduğu avtomobil də Zığ istiqaməti ilə hərəkət edib. Ancaq baş nazir telefonla məlumat alıb ki, “Koroğlu” qovşağındakı asma körpüdən özünü ataraq intihar etmək istəyən şəxs var. Baş nazir hadisə yerinə getmək barədə göstəriş verib və xidməti avtomobil yolunu dəyişərək hadisə yerinə gedib. Baş nazir hadisə ilə maraqlanıb. Məlum olub ki, 1969-cu ildə Tovuzda anadan olan Əhmədov Yaşar Məmmədəli oğlu ailə münaqişəsi zəminində intihar etmək üçün körpünün üzərinə çıxıb. Baş nazir həmin şəxslə telefon əlaqəsi yaradıb. Novruz Məmmədov bir müddət həmin şəxslə telefonla danışıb, problemi ilə maraqlanıb. Baş nazir onu əmin edib ki, müvafiq qurumlar tərəfindən problemi araşdırılaraq lazımı köməklik ediləcək, intihar etmək niyyətindən daşınsın. Yaşar Əhmədov baş nazirə bildirib ki, iki övladı var, anası onları harasa aparıb, tapa bilmir, buna görə də intihar etmək istəyir. Məsələ araşdırma tələb etdiyi üçün baş nazir onu Nazirlər Kabinetinə dəvət edib”.
A. Əli qeyd edib ki, bu gün səhər baş nazir Yaşar Əhmədovu qəbul edib: “Baş nazir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göstəriş verib ki, Yaşar Əhmədovun problemi araşdırılsın, övladlarının harada olduğu öyrənilsin. Hazırda Komitədə araşdırma davam edir. Yaşar Əhmədov da müvafiq qurumlarla görüşmək üçün istiqamətləndirilib. Məsələnin yekunu ilə bağlı baş nazirə məlumat veriləcək”.