Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Astanada Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə görüşdə onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə namizədliyini dəstəklədiyini açıqlayıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidmətindən bildiriblər.
“Sankt-Peterburqda dövlət başçıları Aleksandr Lukaşenkonun təklifi əsasında sizin namizədliyinizi dəstəkləməyə qərar verdilər. Artıq təşkilata üzv ölkələrin rəhbərləri ilə görüşməyə başlamışsınız. Buna qədər Bişkekdə olmusunuz. Məlumdur ki, hazırda KTMT-yə Qırğız Respublikası sədrlik edir. Əminəm ki, görüşləriniz yaxşı keçib”, – Qazaxıstan Prezidenti deyib.
Qeyd edək ki, daha əvvəl KTMT baş katibi vəzifəsini tutan Ermənistan nümayəndəsi Yuri Xaçaturov vəzifədən azad edilib, onun müavini Valeri Semerikov vəzifəni müvəqqəti icra edib. Ermənistan müstəntiqləri Xaçaturova qarşı 2008-ci il martın 1-də keçirilmiş etiraz aksiyalarını dağıtmaqla bağlı cinayət işi üzrə konstitusiya quruluşunu devirməklə əlaqədar ittiham irəli sürüb. Məhkəmə Xaçaturovu girov qarşılığında sərbəst buraxıb. Bundan sonra Ermənistan KTMT ölkələrinə təşkilatın baş katibinin dəyişdirilməsi prosesinə başlamağı təklif edib. Əlavə edək ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.