Nyu-Yorkda 11 sentyabr terror aktının 20-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, ABŞ-da 3 minə yaxın insanın həyatına son qoyan 11 sentyabr aktının 20-ci ildönümündə hər il olduğu kimi dəhşətli faciənin qurbanlarının xatirəsi son məkanlarında “Sıfır Nöqtəsi” adı verilən qanlı faciənin yaşandığı ərazidə anılıb.
Anım mərasimi ilə əlaqədar Nyu-York şəhərində bayraqlar yarıya endirilib. Terror hücumu ilə dağıdılmış Əkiz Qüllələrin yerində ucaldılan 11 Sentyabr Milli Abidəsi və Muzeyinin qurulduğu bölgə terror qurbanlarının ailələri üçün ziyarətə açıq olub.
Yüksək səviyyəli təhlükəsizlik tədbirlərinin görüldüyü mərasimdə faciədə yaxınlarını itirən ailələrlə yanaşı, ABŞ Prezidenti Co Bayden, xanımı Jill Biden, sabiq prezidentlər Barack Obama və Bill Klinton da iştirak ediblər.
Canlı yayımlanan tədbirdə Nyu-Yorkun kilsə zəngləri çalıb, terror hücumlarında həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Faciə qurbanlarının adları onların ailələri və yaxınları tərəfindən tək-tək oxunub.
Mərasimdən sonra faciə qurbanlarının adlarının yazıldığı abidənin üzərinə qara rəngə boyanmış ABŞ bayraqları, çiçək dəstələri qoyulub və abidə ziyarətə açılıb. Faciə qurbanlarının yaxınları onlardan geriyə qalan simvolik əşyaları və fotoları memorialda qurbanların adlarının üzərinə düzüblər. Memorialın nizamnaməsinə uyğun olaraq, faciə qurbanlarından doğum günü olan şəxslərin adlarının üzərinə ağ qızılgüllər qoyulub.
Ərazidə yerləşən 11 Sentyabr Muzeyi də ziyarətə açılıb. Əsas hissəsi yer səthindən 20 metr dərinlikdə yerləşən muzeydə ekspozisiyada insanların qaçaraq xilas olmağa çalışdıqları beton pilləkən, dağılan binanın polad karkasının fraqmentləri, dağıntılar altında qalaraq əzilmiş yanğınsöndürən maşın və terror aktı qurbanlarının şəxsi əşyaları nümayiş olunur.
Bununla yanaşı, Nyu-York səmasında qüllələri təcəssüm etdirən iki işıq şüası göyə doğru şölələnib. Şəhərin hər yerindən görünən işıq şüalarının terror qurbanlarının ruhlarının göyə yüksəlişinin təcəssümü olduğu bildirilib.
Xatırladaq ki, 2001-ci ilin 11 sentyabrında “Əl-Qaidə” terror təşkilatının 19 üzvü ABŞ-da ələ keçirdikləri 4 sərnişin təyyarəsinin ikisini Nyu-Yorkda o vaxt üçün ən hündür tikili olan “World Trade Center”in binalarına, digərini isə Vaşinqton yaxınlığındakı Pentaqon binasına çırpıblar. Dördüncü təyyarə isə Pensilvaniya ştatı üzərində qəzaya uğrayıb. Terror hücumları nəticəsində 2 977 nəfər həyatını itirib.
Bir çox sualların hələ də cavabsız qaldığı misli görülməmiş terror hücumlarında 90 fərqli ölkədən həyatını itirənlər arasında yeganə türk vətəndaşı Zühtü İbiş adlı şəxs də olub.