Hər il oktyabrın 1-də Beynəlxalq Vegetarian Günü qeyd edilir və həmin gün 1977-ci ildə Şimali Amerika vegetarian cəmiyyəti tərəfindən təsis edilib. Bir il sonra həmin təşəbbüs Beynəlxalq Vegetarian İttifaqı tərəfindən dəstəklənib.
AZƏRTAC xəbər verir ki, ildə bir dəfə qeyd edilən həmin bayram günü həm sağlamlıq və ekoloji baxımdan, həm də etik nöqteyi-nəzərdən vegetarian həyat tərzinin üstünlükləri, eləcə də vegetarianlığın müxtəlif aspektlərinin inkişaf etdirilməsi ilə əlaqədar ictimaiyyətin məlumatlandırılması məqsədi daşıyır,
Vegetarianlıq rasiondan heyvan mənşəli məhsulların çıxarılmasıdır. Bütün ənənələr kimi, o da qədim ənənəyə malikdir. Vegetarianlığın Asiya ölkələrində qədim vaxtlardan yarandığı və onun əsasında buddizm və induizmin dini ənənələri dayanır.
Avropada vegetarianlıq XIX əsrdən yaranmağa başlayıb. İngiltərədə müstəmləkəçilərin Hindistanda öyrəndikləri buddist təlimləri bu vərdişin geniş yayılmasına şərait yaradırdı. Yeri gəlmişkən, ilk dəfə 1849-cu ildə İngiltərədə vegetarianlar cəmiyyəti yaradılıb və hazırda əhalinin təxminən 6 faizi vegetarian pəhrizi ilə həyat sürür. Həmçinin onu da qeyd etmək lazımdır ki, Avropadakı iqtisadi böhran, qida məhsullarının əhəmiyyətli hissəsinin bahalaşması həmin təlimin genişlənməsinə səbəb oldu.