Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman preparatı, qida əlavəsi və tibbi ləvazimatın ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.
DGK-dan Türk.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Əjdər Kərimov gömrük nəzarətini “yaşıl kanal”la keçərkən saxlanılıb və çantalarının rentgen aparatında yoxlanılması üçün “qırmızı kanal”a yönləndirilib.
Yoxlama nəticəsində çantalarda dərman preparatlarının olduğu müəyyən edilib.
Şifahi sorğu-sual zamanı Əjdər Kərimov İstanbuldan Bakıya tanışı Samir Bağırlı ilə birlikdə gəldiyini, malların sonuncuya məxsus olduğunu bildirib.
Daha sonra gömrük zonasını tərk edən Samir Bağırlının olduğu yer müəyyən edilib və o, baqajının təkrar yoxlanılması üçün geriyə qaytarılıb.
Təkrar yoxlama nəticəsində isə sahibi Samir Bağırlı olan 2 ədəd əl çantasında və 4 ədəd baqajda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, yazılı və ya elektron formada bəyan edilməmiş 137 adda dərman preparatı, qida əlavəsi, tibbi ləvazimat və 35 ədəd eynək aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.