Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva cənub regionunda olub.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində ombudsman vətəndaşların qəbulu qaydalarına uyğun olaraq, daxil olmuş müraciətlər əsasında Ombudsmanın Cəlilabad Regional Mərkəzində vətəndaşları qəbul edib. Onların müraciətləri dinlənilib, müəyyən məsələlərlə bağlı zəruri izahlar verilib, bəzi məsələlər yerində həll edilib, digər qaldırılan məsələlərin isə nəzarətdə saxlanılacağı və onların həlli ilə bağlı müvafiq dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.
Qəbul zamanı vətəndaşlara müraciətlərin daha səmərəli və çevik şəkildə baxılması məqsədilə Ombudsmanın regional mərkəzlərinə, eyni zamanda 916 Çağrı Mərkəzi, e-mail ünvanları, poçt, faks, həmçinin sosial şəbəkələr vasitəsilə də müraciət edə biləcəkləri söylənilib.
Qeyd olunmalıdır ki, ombudsmanın Vətən müharibəsində iştirak etmiş qazilər, müalicə olunan hərbi qulluqçularımız və şəhid ailələri ilə mütəmadi görüşləri davam edir.
Belə ki, sözügedən səfər çərçivəsində Səbinə Əliyeva və Ombudsman Aparatının əməkdaşları müharibə dövründə şəhid olan baş leytenant Ağayev Elçin Zakir oğlunun ailəsinə baş çəkib. Şəhidimiz göstərdiyi igidliklərə görə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. Qeyd edək ki, şəhidin Şuşanın azadlığında iştirak etmək və onu görmək arzusu olduğu üçün yeni dünyaya gələn qız övladına Şuşa adı verilib.
Daha sonra ombudsman Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun ailəsini ziyarət edib. Görüş zamanı Səbinə Əliyeva Milli Qəhrəmanın şücaətinin gənc nəsil üçün qəhrəmanlıq örnəyi olduğunu vurğulayıb.
Bundan başqa, ombudsman Masallının Hişkərə kəndindən olan, döyüşlərdə qəhrəmancasına şəhid olmuş Lələyev İbrahim Həzrətqulu oğlunun ailəsini ziyarət edib. Görüş zamanı ombudsman şəhidin ailəsinin mövcud problemləri ilə maraqlanıb. Onun ailəsi Səbinə Əliyevaya şəhid və qazi ailələrinə göstərdiyi xüsusi qayğıya görə öz minnətdarlığını bildirib.
Ombudsman həmçinin Biləsuvardan olan, Vətən müharibəsi dövründə Ağdərə döyüşlərində böyük şücaət göstərmiş və döyüş tapşırığını yerinə yetirərkən yaralanaraq qazi olmuş, göstərdiyi igidliyə görə “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş Zəkizadə Qurban Vüqar oğlunun ailəsinə baş çəkib və onların qayğıları ilə maraqlanıb. Qazimizin müayinə və müalicəsinin nəzarətdə saxlanılacağı bildirilib.
Səfər çərçivəsində baş çəkilən ailələrə Ombudsman adından sovqatlar təqdim edilib.