Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini təsdiqlənməsi üçün bu həftə Nazirlər Kabinetinə (NK) təqdim edəcək.
Bunu Trend-ə Orfoqrafiya Komissiyasının sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
İ.Həbibbəylinin sözlərinə görə, layihənin əvvəlki variantında 69 maddə olsa da, təklif edilən bəzi maddələr qəbul edilməyib və layihədən çıxarılıb. Buna görə də layihənin sonuncu variantı 62 maddə ilə NK-ya təqdim ediləcək.
Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Trend-ə bildirib ki, layihədəki 62 maddənin hamısı yeni deyil. Layihədəki yeniliklər Avropa dillərindən alınma sözlərin əvvəlində və sonunda qoşa “s” samitindən birinin düşməsi, “anti” ön şəkilçisi və “trans”, “proto” morfemlərinin xüsusi isimlərlə birləşməsi kimi qaydalarla bağlıdır.
M.Nağısoylu qeyd edib ki, yeni layihəyə görə, bu ön şəkilçi və mürəkkəb sözlərin hissəcikləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə (anti-Rusiya, trans-Asiya, trans-Avropa, trans-Avrasiya, trans-Qafqaz, proto-Azərbaycan və s.) başlayır. “Qeyri” və “ümum” morfemləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə (qeyri-Avropa, ümum-Azərbaycan, ümum-Avropa, ümum-Bakı) başlayır.
M.Nağısoylu əlavə edib ki, layihəyə əsasən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır. Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük (Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi), sonrakı sözlər kiçik hərflə yazılır. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı söz kiçik hərflə (Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq şairi və s.) yazılır.
M.Nağısoylu bildirib ki, qaydalar layihəsində ilk dəfə olaraq, milli sözlərin yazılışına dair bəndlər də öz əksini tapıb:
“Əvvəlki orfoqrafiya qaydalarının heç birində milli sözlərin yazılışına dair bir bənd də olsa yox idi. Amma yeni layihədə 5 yeni bənd var. Əslində, bu qaydalar pərakəndə şəkildə var idi, amma burada sistemli şəkildə milli sözlərin yazılışını ayrıca bənd kimi vermişik”.
Xatrladaq ki, Orfoqrafiya Komissiyasının iclasında iki maddə qəbul edilməyib. Həmin maddələr bunlar olub:
– Ərəb mənşəli –iyyat, -iyyət və -iyyə şəkilçilərində qoşa “y” samitindən birinin düşməsi;
Mövcud variant: ədəbiyyat, riyaziyyat, davamiyyət və s.
Təklif olunan variant: ədəbiyat, riyaziyat, mədəniyət, davamiyət, cərahiyyə, maliyyə və s.
– Avropa dillərindən alınma sözlərdə söz ortasında qoşa “m” hərflərindən birinin düşməsi:
Mövcud variant: qrammatika, kommersiya, kommutator, kommensal, kommentari, kommentator, kommersant, simmetriya, kommunist, meqommetr, lemma (riyaz.), lemminq (-lər) (zool.) və s.
Təklif olunan variant: qramatika, komersiya, komutator, komensal, komentari, komentator, komersant, simetriya, komunist, meqometr, lema (riyaz.), leminq (-lər) (zool.) və s.