Ötən il ərzində 10 min 943 şəxs barəsində amnistiya tətbiq edilib.
Trend-in məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə dair yanvarın 24-də Baş Prokurorluqda keçirilmiş geniş kollegiya iclasında deyib.
K.Əliyev bildirib ki, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin birinci ildönümü münasibətilə Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın icrası prokurorluq orqanları tərəfindən təxirəsalınmadan və düzgün yerinə yetirilir.
“Hesabat dövründə ümumilikdə 10 min 943 şəxs barəsində amnistiya aktı tətbiq edilib”, – K.Əliyev deyib.
Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.
Proses 4 ay müddətində davam etdiriləcək. Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.