Oktyabrın 23-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Özbəkistanın Azərbaycandakı səfiri Bəhrom Əşrəfxanov ilə görüşü keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, sədr Bahar Muradova ölkəmiz üçün bu həlledici və vacib günlərdə görüşün təşkil edilməsinin əhəmiyyətini qeyd edərək səfiri Azərbaycanda diplomatik missiyasının başlanması münasibətilə təbrik edib. O, Azərbaycan ilə Özbəkistanın hər zaman yaxın dostluq əlaqələrinə malik olduğunu və ölkələrarası münasibətlərin mehriban qonşuluq atmosferində inkişaf etdiyini vurğulayıb.
B.Muradova komitənin fəaliyyət istiqamətləri və həyata keçirdiyi tədbirlər haqqında məlumat verərək, bildirib ki, koronavirus pandemiyası planda tutulan bir sıra layihələrin keçirilməsini çətinləşdirdi və komitə bu müddət ərzində araşdırma və təhlillərə daha çox yer ayırdı. O, komitənin fəaliyyətinin effektivliyini daha da artırmaq məqsədilə həyata keçiriləcək işlər barədə məlumat verib.
B.Muradova gender bərabərliyinin təmin edilməsi istiqamətində mövcud olan qanunvericilik bazası haqqında məlumatları diqqətə çatdıraraq, bu qanunların ailə problemlərinin də öyrənilməsi və qarşısının alınmasında vacib rol oynadığını qeyd edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini xüsusi qeyd edən komitə sədri diqqətə çatdırıb ki, ölkəmizdə 30 ildir müharibə vəziyyəti yaşanır və hazırda Azərbaycan öz torpaqlarını geri qaytarmaq uğrunda haqlı mübarizə apararaq qısa müddət ərzində ərazilərinin xeyli hissəsini işğaldan azad edib. Dünya ictimaiyyəti bir daha şahid oldu ki, Azərbaycan doğru yoldadır və haqqını özünə qaytarır. B.Muradova vurğulayıb ki, Özbəkistan Azərbaycanı daim dəstəkləyən və Ermənistanda diplomatik nümayəndəliyi olmayan dövlətlərdəndir. Bütün bunlar ölkələrimiz, onun rəhbərləri, eləcə də parlamentlərarası dostluq münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunun göstəricisidir.
Özbəkistanın ölkəmizdəki səfiri Bəhrom Əşrəfxanov səmimi qəbul üçün təşəkkürünü bildirərək, ölkələrimiz arasında yaxın və dostluq münasibətlərini yüksək qiymətləndirib. O, Özbəkistanın Azərbaycan ilə ikitərəfli əməkdaşlığının gücləndirilməsi məsələsinə xüsusi önəm verdiyini bildirib. Səfir Azərbaycanda son illər sosial, iqtisadi, siyasi sahələrdə qadınların təmsilçiliyinin artırılması və gender bərabərliyi siyasətinin həyata keçirilməsi istiqamətində böyük işlərin görüldüyünü və inkişafın şahidi olduğunu qeyd edib. O, Azərbaycanda olduğu kimi Özbəkistanda da qadınların, gənclərin iqtisadi fəaliyyətinin genişləndirilməsi, sahibkarlığa fəal şəkildə cəlb edilməsi sahəsində dəstək proqramlarının icra edildiyini vurğulayıb. Bu da öz növbəsində prezidentlərimizin müasir vətəndaş cəmiyyətinin qurulmasına baxışlarının yaxınlığını nümayiş etdirir. Səfir Özbəkistanın ictimai və siyasi həyatında qadınların rolunun artırılması istiqamətində aparılan işləri diqqətə çatdıraraq, qadın hüquqları ilə bağlı qanunvericilik aktlarının və qadınların qorunması üçün institusional əsasların təkmilləşdirilməsi, gender bərabərliyi və qadın hüquqları barədə ictimaiyyətin məlumatlandırılması səviyyəsinin artırılması, müvafiq qanuni qaydalara əsaslanaraq məsul şəxslərin hazırlanması və onların həyata keçirilməsinin təmin edilməsi sahəsində görülən işləri qeyd edib.
Səfir, eyni zamanda, Ermənistan tərəfindən Azərbaycana raket zərbələri nəticəsində mülki əhalinin, xüsusən də uşaqların zərər görməsindən məyusluğunu ifadə edərək, dinc əhalinin hədəflənməsinin qəbuledilməz və cinayət olduğunu vurğulayıb.
Görüşdə səfirliyin 1-ci katibi Bəhram Qaipov da iştirak edib.