Özbəkistanda koronavirusla bağlı gücləndirilmiş karantin rejimi avqustun 15-dək uzadılıb. Bundan əvvəl karantin rejimi avqustun 1-dək qüvvədə idi.
AZƏRTAC Özbəkistanın Koronavirusla Mübarizə üzrə Xüsusi Respublika Komissiyasına istinadla xəbər verir ki, ölkədə virusa yoluxma hallarının və ölənlərin sayının artması ilə bağlı karantin rejimi daha 15 gün uzadılıb.
Karantin rejimi vaxtı yaşı 65-dən yuxarı olanlar özünütəcrid rejiminə keçirilir, toy və ailə şənliklərinə qadağa qoyulur.
Son gündə Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 554 nəfər artıb və 20 min 820-yə çatıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son 24 saatda ölkədə koronavirusdan 5 xəstə dünyasını dəyişib, ölənlərin sayı 117-yə çatıb.
Xəstəxanalarda 9 min 598 nəfərin olduğu bildirilir. Onların 152-nin vəziyyəti ağır, 65-nin isə kritikdir.