Özbəkistanın Xanabad şəhərində müasir yurtaların tikintisinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, indiyədək qazax, qırğız xalqları və monqol heyvandarları yurtalardan istifadə edirlər. Son vaxtlar isə yurtalardan turistləri cəlb etmək üçün istifadə olunur.
Mərkəzi Asiya xalqlarının qədim mədəniyyəti ilə tanış olmaq istəyən turistlər yurtalarda yaşamağa üstünlük verirlər və turizmin bu növü cayloo-turizm adlanır. Bir çox restoranlarda və turizm obyektlərində müasirləşdirilmiş yurtalara rast gəlinir.
Xanabad şəhərində yaşayan sahibkar Rüstəmcon Usmanov yurtaları innovasiya formasında dirçəltmək fikrindədir. Onun təklif etdiyi yeni yurtalar müasir dizaynı, komfortu və maya dəyərinin az olması ilə seçilir.
Sahibkar jurnalistlərə deyib ki, Xanabadda belə yurtaların tikilməsi bu şəhərə daha çox turist cəlb edəcək. Gənc ailələr də belə evlərdə rahat yaşaya bilərlər.
Yurtalar yapon texnologiyası ilə penoplastdan tikilir və burada sakinlər üçün hər cür şərait yaradılacaq. İlkin mərhələdə 200 belə ev tikilir və bu ilin fevral ayında istifadəyə veriləcək. Evlərin qiyməti isə sahəsindən asılı olaraq 25-30 milyon sum (3 min-3 min 600 dollar) arasında dəyişəcək.