Özbəkistanda Rusiyanın “Sputnik V” vaksininin klinik sınağının üçüncü mərhələsi başa çatdıqdan sonra bu vaksinin ölkədə kütləvi istifadə olunmasına rəsmi olaraq icazə verilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Koronavirusla Mübarizə üzrə Respublika Qərargahı məlumat yayıb.
Məlumatda bildirilir ki, 1 milyon “Sputnik V” vaksininin alınması istiqamətində tədbirlər həyata keçirilir. Özbəkistanın da həmmüəllifi olduğu Çinin “ZF 2001” vaksinindən də istifadə olunacaq. İlin sonunadək 4 milyon nəfərin peyvənd olunması nəzərdə tutulur.
Qeyd edilir ki, vaksin ilk növbədə yaşı 65-dən yuxarı olan vətəndaşlara, xroniki xəstəlikləri olanlara, tibb işçilərinə, müəllim və tərbiyəçilərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, həmçinin risk qrupunda olan insanlara vurulacaq.
Özbəkistan Ali Məclisinin deputatı Daniyar Qəniyev bildirib ki, vaksin aztəminatlı ailələrin üzvləri üçün pulsuz, dövlət hesabına olacaq.