Pakistan-Azərbaycan biznes forumu keçiriləcək

Pakistanın “Rawalpindi Chamber of commerce and İndustry” (RCCİ)  Sənaye və Ticarət Palatasının təşkilatçılığı ilə Pakistan-Azərbaycan biznes forumu keçiriləcək.

Türk.az-ın xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand bu gün keçirilən mətbuat konfransında deyib.

Səfir bildirib ki, məqsəd iki ölkə arasında ticarət əlaqələrini inkişaf etdirməkdir: “Düşünürəm ki, bu forum Azərbaycan üçün faydalı olacaq”.

Sənaye və Ticarət Palatasının sədri Zahid Latif Xan forumda iştirak etmək üçün Pakistandan 450-dən çox tekstil, kimya, plastik, mebel, qida, konstruksiya və digər sahələr üzrə ticarət nümayəndələrinin Azərbaycana gəldiyini söyləyib: “Azərbaycan və Pakistan biznesinin nümayəndələri arasında görüşlər təşkil edilərək gələcək sərmayə planları müzakirə olunacaq”.
Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk üç ölkədən  biri olduğunu  vurğulayan Z. L. Xan qeyd edib  ki, Pakistan bir çox sahədə Azərbaycanla  əməkdaşlığa maraqlıdır: “Pakistanda olmayan meyvələri  Azərbaycandan ala bilərik”.

Daha sonra çıxış edən RCCİ-nin keçmiş prezidenti Sohail Altaf forumun iki ölkə arasında sənaye, turizm və digər sahələrdə əlaqələrin inkişafı məqsədini  daşıdığını söyləyib. O, forumdan sonra investisiya, biznes, iqtisadiyyat sahələrində irəliləyişlərin  əldə ediləcəyinə inandığını bildirib.

ƏvvəlkiBaş nazir İES-dəki qəza ilə bağlı tapşırıq verdi
NövbətiGürcüstan Azərbaycana elektrik enerjisinin ixracına başlayıb.