“Bu gün dünyada çoxlu münaqişə və hərbi müdaxilələr baş verir. Bütün bunlar dünyanın təhlükəsizliyini təhdid edir”.
“Report” xəbər verir ki, bunu Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə Pakistan prezidenti Arif Alvi deyib.
O artıq güc vasitəsi ilə təzyiqlərin dövlətlərarası münasibətlərdə geniş tətbiq olduğunu dilə gətirib.
“İqlim dəyişiklikləri, bərabərsizlik, yoxsulluq, ksenofobiyanın, o cümlədən islam düşmənçiliyinin artması göz qabağındadır. Pakistan xarici müdaxilələr, terrorçuluq kimi təhlükələrə qarşı Qoşulmama Hərəkatının mübarizə tədbirlərini dəstəkləyir”, – deyən Pakistanın dövlət başçısı Kəşmir problemindən də danışıb: “Kəşmir sakinləri 70 ildən artıqdır xarici işğala məruz qalır, onların BMT tərəfindən təsbit olunan təyini-müqəddərat hüququ pozulub. Bu münaqişə BMT qətnamələrinə əsasən, dinc yolla həll olunmalıdır. Pakistan terrorçuluğu qətiyyətlə pisləyir. Bu bəlanın qarşısını almaq üçün beynəlxalq səviyyədə səylər göstərilməlidir. Bu məsələnin siyasiləşdirilməsinə də yol vermək olmaz. Təəssüf ki, bu gün bəzi ölkələr BMT-nin qətnamələrini yerinə yetirməkdən boyun qaçırır”.