Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu mərhələdə polşalı Mateuş Baranovski ilə üz-üzə gəlib. Rəqibi üzərində 7:2 hesablı qələbə qazanan idmançı yarımfinala yüksəlib.
Bu gün, həmçinin digər sərbəst güləşçi Hacı Əliyev (65 kiloqram) meksikalı Ostin Qomesi məğlub edərək növbəti raunda adlayıb.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.