Ulu öndər Heydər Əliyev çıxışlarında deyərdi ki, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini bilməlidir. Ümummilli Liderin sayəsində hələ 1978-ci ildə Azərbaycan dili dövlət dili kimi Konstitusiyamıza daxil edilib.
Dahi lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Onun ideyalarını layiqincə yerinə yetirən dövlətimizin başçısı doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır.
Xarici ölkələrdə Azərbaycan dili dərslərinin tədrisinin təşəbbüsçüsü Birinci vitse-prezidenti Mehriban Əliyeva olub və bu tendensiya dünya ölkələrində uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva səfirliyin Mədəniyyət Mərkəzində “Natavan” məktəbinin açılışında söyləyib.
Bildirib ki, dövlətimiz Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib və yetirir. Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Azərbaycan dili də xalqımızın milli sərvətidir.
Azərbaycan səfiri diqqətə çatdırıb ki, dövlətimizin uğurlu siyasəti nəticəsində bu gün dünyanın hansı ölkəsində olursa-olsun azərbaycanlılarla görüşəndə ana dilində ünsiyyət qururuq. Bu, bizim böyük və dəyərli sərvətimizdir. Vaxtilə müxtəlif təsirlərə, ciddi sınaqlara məruz qalmış dilimizin özəlliyini, zənginliyini qoruyub saxlaya bilmişik.
Səfir COVID-19 pandemiyasına görə dayandırılmış Azərbaycan dili dərslərinə yenidən start verilməsinə görə təşkilatçılara təşəkkür edib. “Uşaqlarımız burada ana dilimizi öyrənəcək, eləcə də Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı biliklərə yiyələnəcəklər. Həmçinin dərslər vasitəsilə ölkəmizin böyük şəxsiyyətlərini, ictimai xadimlərini tanımaq imkanları olacaq. Səfirliyin nümayəndələri də vaxtaşırı dərslərə qoşulacaq, layihələr həyata keçirəcək. Ana dili hər bir insan üçün çox önəmlidir. Azərbaycan dili bu gün xarici dövlətdə soydaşlarımızı birləşdirən ən ümdə vasitədir.
Əminəm ki, buradakı fidanlarımız ana dilimizi böyük həvəslə öyrənəcək. Onu qoruyub saxlayaraq, gələcək nəsillərə də ötürəcəklər. Bu hər bir azərbaycanlının vacib missiyasıdır, vəzifəsidir. Harada yaşamaqlarından asılı olmayaraq ana dilini, ənənələrimizi göz bəbəyi kimi qoruyub saxlayacaq, dilimizi yaşadacaq, ona mükəmməl yiyələnəcək, bir-birimizlə bağlarımızı möhkəmləndirəcəyik”,-deyə Leyla Abdullayeva vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xaricdə yaşayan soydaşlarımıza ana dilimizin öyrədilməsi üçün ilk “Qarabağ” məktəbi məhz Fransanın Nant şəhərində açılıb. O, Azərbaycanın öz diaspora üzvlərinə qayğı ilə yanaşan, onları dəstəkləyən dünyada yeganə dövlət olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Diaspora Komitəsi xaricdə yaşayan soydaşlarımıza qayğısını daima davam etdirəcək. O, uşaqlara ana dilini öyrənməkdə uğurlar arzulayıb.
“Natavan” məktəbinin açılışında çıxış edənlər məktəbin təşkilatçılarına, müəllimlərinə, şagirdlərə, onların valideynlərinə ana dilimizə göstərdikləri marağa görə təşəkkür ediblər.
Məktəbin təşkilatçısı Aytən Muradova müəllimləri təqdim edib. Məlumat verib ki, Kəmalə Gülməmmədova Azərbaycan dilini, Əsmər Nərimanbəyova rəsm dərsini, Səidə Zülfüqarova isə musiqi dərsini tədris edəcəklər.
Məktəbdə ilk tədris “Azərbaycan dili” dərsi ilə başlayıb.
Qeyd edək ki, Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində fəaliyyət göstərəcək “Natavan“ məktəbinin açılışında səfir Leyla Abdullayeva, Diaspora Komitəsinin əməkdaşları, şagirdlər və onların valideynləri iştirak ediblər.