Parlament seçkiləri ilə əlaqədar media subyektlərinin nümayəndələri üçün müşavirə keçirilib

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar avqustun 8-də media subyektlərinin nümayəndələri üçün müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK), Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən müşavirə bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsasları mövzusuna həsr olunub.

Müşavirədə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, media subyektlərinin nümayəndələrinin seçkilərin işıqlandırılmasındakı rolu olduqca vacibdir. Onlardan böyük gözləntilərin olduğunu vurğulayan MSK sədri bildirib: “Keçirdiyimiz maarifləndirmə tədbirləri böyük əhəmiyyətə malikdir. Ona görə də qərəzli, yanlış informasiya yayanların qarşısını almaq üçün birlikdə mübarizə aparmalıyıq. Amma hər hansı xoşagəlməz hallara da hazırlıqlı olmalıyıq, çünki dünyanın heç bir ölkəsinin böyük tədbirləri ideal səviyyədə keçirməsi mümkün deyil”.

Media nümayəndələrinin əməyini yüksək qiymətləndirən M.Pənahov dünyada medianın rolunun böyük önəm daşıdığını vurğulayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan Milli Məclisə seçkilər medianın gündəmində də aparıcı mövzuya çevrilib. Ölkəmizin siyasi mühiti üçün xarakterik olan demokratik və şəffaf seçkilərin işıqlandırılması prosesində iştirak edən media subyektlərinin peşəkarlıq funksiyasını uğurla yerinə yetirməsi üçün bütün lazımi şərait yaradılıb.

İcraçı direktor bildirib ki, Azərbaycanın peşəkar jurnalistləri bir tərəfdən cəmiyyətin ictimai əhəmiyyətli informasiya ilə təmin edilməsində, digər tərəfdən ölkəmizin informasiya mühitinin çirkləndirilməsi cəhdlərinin qarşısının alınmasında, müxtəlif yönləndirici manipulyasiyaların vaxtında müəyyənləşdirilib təsir dairəsinin minimuma endirilməsində fəallıq göstərir. “Təcrübə göstərir ki, seçkilər zamanı ölkəmizin informasiya mühitinə kənardan yönləndirilən təhdidlər artır. Həmçinin informasiya manipulyasiyasının bütün formalarının sistemli şəkildə tətbiq edilməsi halları müşahidə olunur. İctimai rəyi çaşdırmağa, Azərbaycan haqqında mənfi rəy yaratmağa yönəlmiş bu kimi hallara qarşı sayıqlığı daha da artırmaq lazımdır. Medianın İnkişafı Agentliyi seçki prosesini işıqlandıran media nümayəndələri ilə mütəmadi qarşılıqlı əlaqədədir və onların suallarını operativ qaydada cavablandırmaq üçün Mərkəzi Seçki Komissiyası ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməkdədir”, – deyə Ə.İsmayılov əlavə edib.

Audiovizual Şuranın sədri İsmət Səttarov seçkiqabağı təşviqatın səsverməyə 23 gün qalmış başladığını və səsvermənin başlamasına 24 saat qalmış dayandırıldığını deyib: “Seçkiqabağı təşviqatda ən böyük məsuliyyət ictimai yayımçının üzərinə düşür. Dövlət büdcəsindən maliyyələşən yayımçıların hamısı ictimai yayımçı funksiyası daşısa da, seçkiqabağı təşviqat məhz qanunla ictimai yayımçı kimi tanınan İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həyata keçirilməlidir. Dövlətə məxsus yayımçılar vasitəsilə seçkiqabağı təşviqat aparılmır. Qeydə alınmış bütün namizədlər üçün ödəniş həcmi və şərtləri eyni olmalıdır”.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid parlamentə seçkilərlə əlaqədar Mətbuat Şurasında “Qaynar xətt” yaradılacağını söyləyib. O bildirib ki, namizədlər və gələcək deputatlar üçün ən yaxşı təbliğat yeri media subyektlərində çıxışlar etməkdir. R.Məcid seçkilərdə iştirak edən namizədləri ödənişli təbliğat vasitələrindən istifadə etməyə, media subyektləri ilə əməkdaşlığa çağırıb: “Mətbuat Şurası seçkilərdə təşviqat məsələlərində qara piarın aparılmamasını, jurnalistlərin etik-davranış qaydalarına riayət etmələrini diqqətdə saxlayır, monitorinqlər keçirir.

Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri Milli Məclisə seçkiqabağı təşviqata dair ümumi tələblər, təşviqat subyektləri, onların hüquq və vəzifələri, ödənişli və ödənişsiz əsaslarla aparılan təşviqat prosesində media subyektlərinin rol və vəzifələrinə dair təqdimatlarla çıxış ediblər.

Aparıcı media subyektlərinin rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin olunması, habelə seçki prosesinin müxtəlif mərhələlərində peşəkar media fəaliyyətinin təşkili barədə dolğun məlumat verilib, mövzular ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

Media subyektlərinin Milli Məclisə seçkilərdə sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsinə və məlumatlılığının artırılmasına hədəflənən müşavirədə jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

ƏvvəlkiParlament seçkilərində seçkiqabağı təşviqat üçün ümumilikdə 5113 yer ayrılıb
NövbətiMərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib