“PAŞA Holding”in təşkilatçılığı ilə Azərbaycanda ilk regional “LEGIS Hüquq Forum”u keçirilib

Fevralın 5-də “PAŞA Holding” və onun törəmə şirkətləri tərəfindən təşkil edilən, hüquq sahəsində peşəkarları, ekspertləri və texnologiya liderlərini bir araya gətirən “LEGIS Hüquq Forum”u uğurla başa çatıb. Sözügedən forum Azərbaycanda bu silsilədən ilk tədbir olaraq, dövlət rəsmilərini, özəl sektorun nümayəndələrini, həmçinin 500-ə yaxın hüquq peşəkarını bir araya gətirib.

AZƏRTAC xəbər verir ki, forumun məqsədi dövlət-özəl sektorları arasında hüquq mövzusu üzrə əməkdaşlığı daha da təşviq etmək, hüquq mütəxəssisləri üçün bilik mübadiləsi təşkil etmək, əsas qanunvericilik islahatlarını müzakirə etmək və mövcud hüquqi boşluqları dəyərləndirmək üçün dinamik bir platforma yaratmaq idi.

Tədbirin açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, ədliyyə naziri Fərid Əhmədov, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Baş prokuror Kamran Əliyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, “PAŞA Holding”in Baş icraçı direktoru Cəlal Qasımov, eləcə də holdinqin Qrup üzrə Hüquq və Komplayens Departamentinin direktoru Aytac Qasımova çıxış ediblər.

“PAŞA Holding”in Baş icraçı direktoru Cəlal Qasımov çıxışında forumun əhəmiyyətini yüksək dəyərləndirib. “Ölkəmizdə ilk dəfə olaraq hüquq mövzusunda belə miqyasda tədbir keçirilir və bizim üçün bu forumun təşəbbüskarı və təşkilatçısı qismində çıxış etmək həm çox sevindirici, həm də çox qürurvericidir”, – deyə Cəlal Qasımov bildirib.

Qeyd edək ki, tədbir qlobal və yerli spikerlərin çıxışları ilə yadda qalıb. Forum çərçivəsində dövlət-özəl sektor əməkdaşlığının hüquqi aspektləri, arbitraj mexanizmlərinin artan rolu, hüquqi çərçivələrin gücləndirilməsi və texnologiyanın hüquq sahəsinə təsiri kimi aktual mövzular müzakirə edilib. Forum iştirakçıları müasir hüquq sistemlərinin qarşılaşdığı çağırışlar və innovativ həll yolları üzərində dayanaraq, rəqəmsal ekosistemin inkişafı və hüquqla inteqrasiyası, eləcə də yeni texnologiyaların qanunvericiliyə təsiri mövzularında fikir mübadiləsi aparıblar.

Tədbirin ən maraqlı məqamlarından biri isə, robot Sofiyanın iştirakı olub. O, hüquq və innovasiyaların birgə inkişaf edərək, gələcəyin qanunvericiliyini necə formalaşdıra biləcəyini göstərib.

“LEGIS Hüquq Forumu” hüquq sahəsində yeni perspektivlər açaraq, bilik və təcrübə mübadiləsini təşviq edib, eləcə də gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yaradıb.

ƏvvəlkiTürkdilli ölkələrin iqtisadi inkişaf imkanları müzakirə olunub
NövbətiQara Qarayevin ev-muzeyində dahi bəstəkarın 107 illiyi qeyd olunub