Azərbaycanda koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə tətbiq edilən karantin rejimi nəticəsində paytaxtda avtomobillərin sayının azalması havanın nəzərəçarpacaq dərəcədə təmizlənməsinə səbəb olub. Belə nəticələr digər ölkələrdə də qeydə alınıb. Bu bir daha təsdiq edir ki, zərərli tullantıların atmosferə atılmasının azaldılması havanın təmizlənməsi ilə nəticələnir.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Departament rəhbəri xatırladıb ki, koronavirus infeksiyası olmadan belə nazirlik hər zaman istər nəqliyyat vasitələrindən, istər sənaye müəssisələrindən, istərsə də müasir təmizləyici qurğulardan istifadə etməyən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantıların azaldılması ilə bağlı çağırışlar edib. “Məlum olduğu kimi, nazirlik tərəfindən bu istiqamətdə fəal təbliğat işləri aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Avtomobilsiz bazar günü” devizi altında keçirilən aksiyanı yəqin ki, hər kəs xatırlayır. Bəziləri avtomobildən istifadəni azaltmaqla havanın təmizlənməsinə şübhə ilə yanaşırdılar. Lakin gördüyünüz kimi, ölkəmizdə koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə tətbiq edilən karantin rejimi nəticəsində paytaxtda avtomobillərin sayının azalması havanın nəzərəçarpacaq dərəcədə təmizlənməsinə səbəb olub”, – deyə U.Tağıyeva qeyd edib.