Pedaqoji Universitetdə Bəkir Çobanzadənin 130 illiyi qeyd edilib

Dekabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim Bəkir Çobanzadənin 130 illiyinə həsr olunmuş seminar keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, alim və ziyalılar iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən ADPU-nun Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova görkəmli alimin Azərbaycan filologiyası və türkologiyasının inkişafında əvəzsiz xidmətlərindən bəhs edib. O, Çobanzadənin elmi fəaliyyətinin və araşdırmalarının müasir elmi-tədqiqatlar üçün əhəmiyyətli mənbə olduğunu vurğulayıb.

Daha sonra Bəkir Çobanzadənin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Seminarda Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov məruzə ilə çıxış edib. Məruzədə Bəkir Çobanzadənin zəngin yaradıcılığı, Türk dünyasının elmi və ədəbi irsinin araşdırılması baxımından həyata keçirdiyi işlər barədə geniş məlumat verilib, onun çoxcəhətli fəaliyyətinin Azərbaycan xalqının milli-mədəni yaddaşında xüsusi yer tutduğu qeyd edilib.

Çıxışlarda alimin elmi-mədəni və ictimai fikrin formalaşmasında müstəsna xidmətlərindən də bəhs olunub.

Sonra seminar fakültənin nəzdində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin üzvlərinin çıxışları ilə davam edib.

ƏvvəlkiMilli Məclisin nümayəndə heyəti Asiya Parlament Assambleyasının komitə iclasında iştirak edib
NövbətiSabah bəzi rayonlarda qaz təchizatında müvəqqəti fasilə olacaq