Rusiyanın “Pervıy kanal”ı redaktorun əlindəki plakatla efir zamanı görünməsi ilə bağlı araşdırma aparır.
“Report” xəbər verir ki, bu barədə “Pervıy kanal”dan “RİA Novosti”yə bildirilib.
“Vremya” verilişinin canlı yayımında həqiqətən də kadrda kənar şəxslə insident baş verib, daxili yoxlama aparılır”, – telekanalın mətbuat xidməti agentliyə bildirib.
Məlumata görə, ona qarşı inzibati iş gedir və həmin şəxs hazırda saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsi ilə (Rusiya Silahlı Qüvvələrinin istifadəsini nüfuzdan salmağa yönəlmiş ictimai hərəkətlər) məsuliyyətə cəlb edilə bilər.
Qeyd edilir ki, həmin şəxs Marina Ovsyannikovadır, o, “Pervıy kanal”da redaktor işləyir. M.Ovsyannikova hazırda Ostankino rayonundakı polis şöbəsindədir.
Xatırladaq ki, M.Ovsyanniko “Vremya” verilişinin canlı yayımı zamanı üzərində “Müharibəyə yox, təbliğata inanmayın, burada sizi aldadırlar” sözləri yazılmış plakat açıb.